Gömrük məsələləri üzrə birgə komitənin beşinci iclası keçirildi
Gömrük məsələləri üzrə birgə komitənin beşinci iclası keçirildi
Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında gömrük məsələləri üzrə Birgə Komitənin beşinci iclası keçirilib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun, Türkiyə Respublikası Ticarət nazirinin müavini Sezai Uçarmakın rəhbərlik etdikləri nümayəndə heyətlərinin iştirak etdiyi iclasda tərəflər iki qardaş ölkənin gömrük orqanları arasındakı əməkdaşlıqdan məmnunluqla bəhs ediblər.
Tədbirdə “Türkiyə Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı inzibati yardım haqqında Saziş”in imzalanması istiqamətində müvafiq işlərin həyata keçirilməsi, gömrük sahəsində koordinasiyanın operativ təmin edilməsi məqsədilə birgə komitənin nəzdində işçi qrupunun yaradılması məsələləri müzakirə edilib.
Eyni zamanda, mənşəyi təsdiq edən sənədlərin elektron qaydada təsdiq edilməsi və təsdiqedici məlumatların paylaşılması, hüquqpozmalar sahəsində məlumat mübadiləsinin sürətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda gömrük məsələləri üzrə birgə komitənin beşinci iclasının protokolu imzalanıb və növbəti iclasın 2026-cı ildə Azərbaycanda keçirilməsi qərara alınıb.
Tədbir çərçivəsində Azərbaycan və Gürcüstan gömrük xidmətləri nümayəndə heyətləri arasında da ikitərəfli görüş keçirilib, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və gələcək inkişaf istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi