Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti ÜGT-nin Daimi Texniki Komitəsinin sessiyalarında iştirak edib

Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti ÜGT-nin Daimi Texniki Komitəsinin sessiyalarında iştirak edib

Belçika Krallığının paytaxtı Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş qərargahında ÜGT-nin Daimi Texniki Komitəsinin 249/250-ci sessiyaları keçirilib. Sessiyalarda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti polkovniki Fuad Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti, həmçinin Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin nümayəndəsi iştirak edib.

Sessiyada gömrük orqanlarının fəaliyyətinə dair aktual texniki və institusional məsələlər müzakirə olunub, əsas diqqət elektron ticarət, yaşıl gömrük təşəbbüsləri, ticarətin asanlaşdırılması, informasiya və kommunikasiya texnologiyaları, sərbəst zonalar və gömrük rəqəmsallaşması kimi mövzulara yönəlib.

Elektron ticarət üzrə müzakirələr zamanı məlumat mübadiləsinin genişləndirilməsi, gömrük orqanları arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsi və risklərin idarə olunması sahəsində yeni yanaşmalar təqdim olunub. Yaşıl Gömrük istiqamətində isə gömrük orqanlarının ətraf mühitin qorunmasında rolunun artırılması, dayanıqlı ticarət prinsiplərinin tətbiqi və Çoxtərəfli Ətraf Mühit Sazişləri üzrə təlim modullarının ÜGT-nin CLiKC! platformasına inteqrasiyası üzrə görülən işlər dəyərləndirilib.

Sessiyada, həmçinin ÜGT-nin Yaşıl Gömrük üzrə Bəyannaməsi (Bakı Bəyannaməsi) müzakirə olunub. Qeyd edilib ki, sənəd üzv dövlətlərin gömrük administrasiyalarından daxil olan təklif və rəylər əsasında daha da təkmilləşdirilib və hazırda yekun mərhələdədir.

Komitə sədrinin müavini Fuad Məmmədov çıxışında yaşıl gömrük təşəbbüsünün qlobal əhəmiyyətini vurğulayıb. O bildirib ki, COP29 çərçivəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə ilk dəfə yaşıl gömrük mövzusuna həsr olunmuş yan tədbir təşkil edilib və bu təşəbbüs qlobal trendlər arasında öz yerini tutub. Həmçinin, Braziliya gömrük xidmətinin COP30 çərçivəsində bu istiqamətdə tədbir keçirməsini təqdir edərək, təşəbbüsün beynəlxalq səviyyədə davam etdirilməsinin önəmini qeyd edib.

O, həmçinin elektron ticarət üzrə aparılan müzakirələrdə gömrük orqanları arasında məlumat mübadiləsinin təşviqinin vacibliyini qeyd edib və bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi beynəlxalq ticarətin şəffaflığının, səmərəliliyinin və təhlükəsizliyinin artırılmasına mühüm töhfə verəcəyini vurğulayıb.

Sessiyanın yekununda bir sıra qərarlar qəbul edilib, o cümlədən Bakı Bəyannaməsinin qəbuluna dair işlərin sürətləndirilməsi və yekun razılığın əldə edilməsi, elektron ticarət üzrə məlumat mübadiləsinin genişləndirilməsi, eləcə də İKT və rəqəmsal gömrük sahəsində yeni rəhbər sənədlərin hazırlanması istiqamətində fəaliyyətlərin davam etdirilməsi razılaşdırılıb.

Tədbir çərçivəsində Avropa İttifaqının Vergi və Gömrük İttifaqı Baş İdarəsinin (DG TAXUD) nümayəndələri ilə görüş keçirilib. Görüşdə Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiqi istiqamətində Avropa İttifaqı ilə əməkdaşlıq mexanizmlərinin müəyyənləşdirilməsinə dair mazakirələr aparılıb.

Həmçinin ÜGT-nin Siyasət və Standartlar İdarəsinin direktoru Gael Grooby ilə ikitərəfli görüş keçirilib, ÜGT ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi, birgə layihələrin icrası və gələcək təşəbbüslərin koordinasiyasına dair məsələlər müzakirə olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

31 Oktyabr 2025 17:50
195