Şəhidlərin xatirəsi ehtiramla yad edilib
Şəhidlərin xatirəsi ehtiramla yad edilib
Yanvarın 20-də paytaxt sakinləri, ayrı-ayrı dövlət və ictimai-siyasi təşkilatların nümayəndələrilə yanaşı, Dövlət Gömrük Komitəsinin kollektivi də Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının məzarlarını ziyarət edib.
Daha sonra Dövlət Gömrük Komitəsində 20 yanvar faciəsinin 36-cı ildönümü münasibətilə tədbir keçirilib.
Komitə rəhbərliyinin iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi həkk olunub, xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.
Məhz o günlərdə keçmiş sovet ordusunun hücumuna məruz qalan xalqımız azadlıq əzmini itirmədi, əksinə, haqq səsini daha ucadan bəyan etdi. Doğma Vətəninin azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan qəhrəman Azərbaycan övladları düz 36 il əvvəl həmin gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
O da qeyd olunub ki, yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bəyan etdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi. Qanlı yanvar faciəsinə ilk hüquqi qiymətin verilməsi də məhz Ulu Öndərin ölkə rəhbərliyinə qayıdışından sonra mümkün oldu.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəhidlərin xatirəsinin uca tutulması, şəhid ailələrinin sosial məsələlərinin həlli, onların hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasına xüsusi diqqət ayırır.
Tədbirdə 20 yanvar faciəsindən bəhs edən videoçarx nümayiş olunub.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi