Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə tədbir keçirilib
Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə tədbir keçirilib
Fevralın 26-da Dövlət Gömrük Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdən əvvəl Komitə əməkdaşları soyqırımı abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, faciə qurbanlarının əziz xatirələrini ehtiramla yad ediblər.
Dövlət Gömrük Komitəsinin inzibati binasında keçirilən tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov çıxış edərək Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu bildirib, soyqırımı aktının yalnız xalqımıza deyil, bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu vurğulayıb.
Tədbirdə qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib və Ulu Öndər tərəfindən Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasətin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü addımlar atılıb.
Həmçinin Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan “Xocalıya ədalət” kampaniyasının Xocalı həqiqətlərinin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi baxımından mühüm rol oynadığı diqqətə çatdırılıb.
O da qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımızın işğaldan azad olunması, suverenliyimizin tam bərpası məhz o qanlı gecədə tökülən şəhid qanlarının da qisası idi. Qazandığımız şanlı zəfərin nəticəsi olaraq artıq üçrəngli bayrağımız Xocalıda dalğalanır və Xocalı yenidən qurulur.
Xocalı faciəsinin canlı şahidlərindən olan Şamil Sabiroğlu həmin gecə dinc sakinlərə qarşı törədilən misli görünməmiş cinayətlərdən danışıb.
Tədbirin sonunda Xocalı hadisələrindən bəhs edən videoçarx nümayiş olunub.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi