İnsan alverinə qarşı mübarizə ilə bağlı təlim keçirilib
İnsan alverinə qarşı mübarizə ilə bağlı təlim keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə sahəsində qurbanların hüquqlarının müdafiəsi, müxtəlif xidmətlər göstərməyə məcbur edilmə və insanların istismar edilməsinin digər formaları, insan alverinin gender xüsusiyyətləri, uşaqlara xas aspektləri, cinsi istismara və ya zorakılığa cəlb olunması ilə bağlı, həmçinin effektiv sərhəd nəzarəti tədbirləri vasitəsilə insan alverinin müxtəlif formalarının, təqsirli və zərərçəkmiş şəxslərin müəyyən edilməsi, bu sahədə preventiv hazırlığın gücləndirilməsi” mövzusunda təlim keçirilib.
Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov insan alverinə qarşı mübarizənin əhəmiyyətindən, bu istiqamətdə ölkəmizdə görülən işlərdən bəhs edərək mövzu ilə bağlı məlumatlılığın, bilik və bacarıqların artırılmasının önəmini xüsusilə qeyd edib.
Sosial Xidmətlər Agentliyinin İnsan alveri qurbanlarına yardım mərkəzinin direktoru Həbibə Qəribova, İctimai Birliyin sədri Mehriban Zeynalova və Akademiyanın Əlavə təhsil şöbəsinin baş mütəxəssisi Yavər Məmmədova tərəfindən keçirilən təlimdə insan alverinin problemlərinin mahiyyəti, formaları, müasir təhlükəsizlik anlayışı, qurbanların hüquqlarının müdafiəsi, istismar və cinsi zorakılıq halları, eləcə də bu cinayətlərin aşkarlanması və qarşısının alınması barədə ətraflı məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, sertifikatlar təqdim olunub.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi