Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Ölkəmizi təmsil etmək həm böyük qürur, həm də məsuliyyətdir

Ölkəmizi təmsil etmək həm böyük qürur, həm də məsuliyyətdir

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) İnformasiya texnologiyaları ixtisasının III kurs tələbəsi Mirməhəmməd Mənsimovun kapitanı olduğu “RoadRunners” komandası Bakıda keçirilən Fibonacci Beynəlxalq Robot Olimpiadasının Azərbaycan Bölgə Çempionatında qalib olub.

20 yaşlı Mirməhəmməd Mənsimov Sabirabad rayonunda dünyaya göz açıb. Rayondakı Nizami Gəncəvi adına 5 saylı tam orta məktəbdə təhsil alan Mirməhəmməd həmişə yaşıdlarından yüksək zəkası, analitik düşüncə və mühakimə qabiliyyəti ilə seçilib və o gələcəkdə mühəndis olmağa qərar verib.

Sabirabadda fəaliyyətə başlayan STEAM mərkəzi Məhəmməd üçün arzularına açılan ilk qapı olub. Burada robototexnika, proqramlaşdırma ilə tanışlıq Mirməhəmmədi arzularına bir addım da yaxınlaşdırıb. Müxtəlif layihələr üzərində çalışan yeniyetmə həm nəzəri biliklərini, həm də praktiki bacarıqlarını inkişaf etdirib.

Orta məktəbdən qırmızı attestatla məzun olan Mirməhəmməd 580 bal toplayıb və hazırda Dövlət Gömrük Komitəsinin Akademiyasının İnformasiya texnologiyaları ixtisasının tələbəsidir. Dediyinə görə bu onun üçün sadəcə bir uğur deyil, uzun müddətdir qurduğu arzularına açılan növbəti və ən böyük qapı olub.

Hazırda 3-cü kurs tələbəsi olan Mirhəməmməd özünü şanslı sayır. Çünki akademiyada mövcud olan peşəkar müəllim heyəti və yüksək səviyyəli tədris mühiti onun bilik və bacarıqlarının formalaşmasında mühüm rol oynayır. O, bu təhsil ocağını uğur yolundakı çıraq adlandırır.

2024-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində keçirilən “İT’i Zəka” hakatonunda anemiya xəstəliyinin süni intellekt vasitəsilə aşkarlanmasına dair layihə ilə 130 komanda arasında 3-cü yerə layiq görülüb.

Deyir ki, bu nəticə ona bir şeyi sübut etdi: əgər inanırsansa, zəhmətin mütləq qarşılığını tapır.

“Uğur uğuru gətirir” deyirlər… Və bu deyim Mirməhəmmədin həyatında həqiqətə çevrilib.

Elə həmin il 7-ci Respublika Robot Olimpiadasında “Future Innovators Senior” kateqoriyası üzrə qızıl medal qazanaraq fərqlənib. Bu uğurun davamı olaraq da Türkiyənin İzmir şəhərində keçirilən Dünya Robot Olimpiadasında 50-dən çox ölkə arasında Azərbaycanı təmsil edib.

Daha sonra NASA tərəfindən təşkil olunan NASA Space Apps Challenge və Azərkosmos tərəfindən keçirilən hakatonlarda iştirak edib. Xüsusilə aerokosmik sahəyə olan marağı onun gələcək hədəflərini daha da böyüdür.

2026-cı ilin mart ayında isə keçirilən Beynəlxalq Fibonacci Olimpiadasında Mirməhəmməd və komandasının dizayn etdiyi robot verilmiş tapşırıqları yüksək dəqiqliklə yerinə yetirərək onlara qalibiyyət qazandırıb.

Qarşıda yeni bir sınaq var - Avrasiya çempionatı. Mirməhəmmədin sözlərinə görə 21 ölkə arasında Azərbaycanı təmsil etmək həm böyük qürur, həm də məsuliyyətdir.

Mirməhəmmədin uğur hekayəsi bir daha sübut edir ki, nailiyyətlər təsadüfən qazanılmır. Onlar davamlı zəhmətin, məqsədə sadiqliyin və əzmkarlığın nəticəsidir.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

16 Aprel 2026 14:15
195