Dövlət Gömrük Komitəsi tərəfindən Malların Buraxılış Vaxtının Ölçülməsi üzrə qabaqcıl təcrübə təqdim olunub
Dövlət Gömrük Komitəsi tərəfindən Malların Buraxılış Vaxtının Ölçülməsi üzrə qabaqcıl təcrübə təqdim olunub
Belçika Krallığının paytaxtı Brüssel şəhərində keçirilən Ümumdünya Gömrük Təşkilatının 251/252-ci Siyasi Texniki Komitə sessiyalarında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən Malların Buraxılış Vaxtının Ölçülməsi (TRS) üzrə qabaqcıl təcrübə təqdim olunub. Təqdimatda ÜGT/Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə layihəsi çərçivəsində həyata keçirilən TRS proqramı, eləcə də ÜGT-nin TRS metodologiyasına uyğun formalaşdırılmış Virtual Monitorinq Mərkəzinin fəaliyyəti və imkanları barədə ətraflı məlumat verilib.
Bildirilib ki, real vaxt rejimində monitorinq və analitika imkanları sərhədkeçmə və rəsmiləşdirmə proseslərinə operativ nəzarəti təmin edir, gecikmə səbəblərinin müəyyənləşdirilməsinə və idarəetmə qərarlarının daha effektiv qəbuluna şərait yaradır. Eyni zamanda tətbiq olunan rəqəmsal həllər nəticəsində sərhədkeçmə və gömrük rəsmiləşdirilməsi müddətlərinin əhəmiyyətli dərəcədə azaldığı diqqətə çatdırılıb.
Təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb, müxtəlif ölkələrin nümayəndələrinin ünvanladığı suallar cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi