Gömrük orqanlarına xidmətə yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib
Gömrük orqanlarına xidmətə yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib
Mayın 8-də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü tədbirləri çərçivəsində Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümummilli Liderin həyat və fəaliyyəti, eləcə də gömrük orqanlarına tövsiyələrini əks etdirən videoçarx nümayişindən sonra xidmətə yeni qəbul edilən 84 əməkdaş Gömrükçü Andı içib və hərbi marşın sədaları altında təntənəli şəkildə tribuna önündən keçiblər.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov mərasimdə çıxış edərək vurğulayıb ki, gömrükçülər Heydər Əliyev siyasətinə, dövlətçiliyimizə sadiq olduqlarını sübut etməklə, Azərbaycanın iqtisadi təhlükəsizliyini qorumaq üçün and içirlər.
Qeyd edilib ki, gömrük sistemində əldə edilən böyük uğurlar məhz Ulu Öndərin bu sahəyə diqqət və qayğısı nəticəsində mümkün olub.
Bildirilib ki, bu gün Heydər Əliyevin ideyaları böyük uğurla davam etdirilir, Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü tam bərpa edən Azərbaycan sürətlə inkişaf edir və gömrük orqanları da daim ölkəmizin tərəqqisinə öz töhfəsini verəcək.
Veteran gömrükçülər adından çıxış edən Ceyhun Nəcəfli xüsusilə son illərdə həyata keçirilən islahatlar nəticəsində rəqəmsallaşmanın genişləndirilməsi, şəffaflığın, xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb, gömrükçü peşəsinin hərtərəfli bilik və bacarıq, peşəkarlıq, yüksək diqqət və məsuliyyət tələb etdiyini bildirib, and içən gömrük əməkdaşlarına vətənə, xalqa vicdan və sədaqətlə xidmət etməyi tövsiyə edib.
Daha sonra digər çıxış edənlər - gömrük əməkdaşı Vüsalə Əliyeva və valideyn isə Sehran Hacıyev Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında əvəzsiz xidmətlərindən danışıb, onun əziz xatirəsinin daim yaşadılacağını vurğulayıblar.
Tədbirin sonunda Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələrinin iştirakı ilə xüsusi kompozisiya nümayiş etdirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi