Futzal idman növü üzrə gömrük orqanları arasında keçirilən çempionat başa çatıb
Futzal idman növü üzrə gömrük orqanları arasında keçirilən çempionat başa çatıb
Mayın 8-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və gömrük xidmətinin yaradılmasının 34 illiyinə həsr olunan futzal idman növü üzrə gömrük orqanları arasında keçirilən ənənəvi çempionata yekun vurulub.
Azərbaycan Texniki Universitetinin idman zalında çempionatın yarımfinal və final qarşılaşmaları keçirilib.
3-cü yer uğrunda Astara və Balakən gömrük idarələrinin komandaları mübarizə aparıblar və Astara komandası 3-1 hesabı ilə qalib gələrək 3-cü yerə layiq görülüb.
Final oyunu isə Dövlət Gömrük Komitəsinin mərkəzi aparatının və Biləsuvar Gömrük İdarəsinin komandaları arasında keçirilib. Gərgin keçən oyunda Dövlət Gömrük Komitəsinin mərkəzi aparatının komandası daha inamlı mübarizə apararaq 7-1 hesablı qələbə ilə çempionatın qalibi olub.
Sonra mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov ölkəmizdə idman sahəsində həyata keçirilən dövlət siyasətindən, bu istiqamətdə əldə olunan nailiyyətlərdən danışıb və bu uğurların Ümummilli Lider Heydər Əliyevin ideyaları, Ulu Öndərin gənc nəslin sağlam böyüməsi məqsədilə həyata keçirdiyi tədbirlər, idmana göstərdiyi qayğı və dəstək əsasında reallaşdığını vurğulayıb.
Bildirilib ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə mötəbər idman tədbirlərinin təşkil olunması, idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazanaraq bayrağımızı qürurla dalğalandırmaları dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Daha sonra qaliblərə mükafatlar təqdim edilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi