15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
Dövlət Gömrük Komitəsində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov öz çıxışında dövlətinin, xalqının maraqlarını daim hər şeydən üstün tutan, ömrünün hər anını ölkəsinin xoşbəxt, firavan gələcəyinə həsr edən Ümummilli Liderin 15 iyunda yenidən hakimiyyətə qayıtması ilə Azərbaycanın davamlı inkişaf dövrünə qədəm qoyduğunu bildirərək vurğulayıb ki, Dahi Rəhbərin dərin zəkası, idarəçilik qabiliyyəti sayəsində ölkəmizdə bütün sahələrdə, o cümlədən gömrük işinin təşkili istiqamətində mühüm addımlar atıldı və müasir standartlara cavab verən gömrük xidməti yaradıldı.
Diqqətə çatdırılıb ki, məhz Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılması nəticəsində işğal altındakı ərazilərimiz azad edildi, tarixi ədalət bərpa olundu, davamlı iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyan Azərbaycan regionun lider dövlətinə çevrildi.
O da qeyd olunub ki, Ümummilli Liderin ideyaları daim yaşayacaq və Azərbaycan xalqı Ulu Öndərin xatirəsini hər zaman əziz tutacaq.
Tədbirdə 15 İyun - Milli Qurtuluş Gününün əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi