“İntellektual gömrük” informasiya sistemi haqqında ƏSASNAMƏ
“İntellektual gömrük” informasiya sistemi haqqında ƏSASNAMƏ
Azərbaycan Respublikası Prezidentinin
2026-cı il 25 iyun tarixli Fərmanı ilə
təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “İntellektual gömrük” informasiya sisteminin (bundan sonra – İGİS) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
1.2. İGİS rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (bundan sonra – Komitə) fəaliyyətinin, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə bağlı proseslərin, gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin, xarici ticarət iştirakçıları ilə, digər fiziki və hüquqi şəxslərlə əlaqələrin operativliyini, səmərəliliyini, şəffaflığını, habelə göstərilən xidmətlərin, İGİS-də saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin edir.
1.3. İGİS-in formalaşdırılmasının məqsədi gömrük işi sahəsində dövlət idarəetməsinin optimallaşdırılmasından, gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi proseslərinin təkmilləşdirilməsindən, habelə müvafiq sahə üzrə təhlillər aparılmaqla proqnozların və hesabatların hazırlanmasından, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.
1.4. İGİS-də yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.
1.5. Fərdi məlumatların İGİS-də toplanılmasının və işlənilməsinin məqsədi bu Əsasnamənin 1.2-ci bəndində qeyd olunanları təmin etməkdir. Fərdi məlumatların İGİS-də toplanılması, işlənilməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.
1.6. İGİS-in fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
1.7. İGİS Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın (bundan sonra – Qaydalar) 2.1-ci bəndində qeyd edilən prinsiplər əsasında formalaşdırılır və fəaliyyət göstərir.
1.8. Bu Əsasnamə əldə edilməsi məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq edilir.
1.9. Bu Əsasnamədə istifadə olunan anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda, Qaydalarda, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş mənaları ifadə edir.
2. İGİS-in texniki-texnoloji infrastrukturu
2.1. İGİS-in texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:
2.1.1. proqram-texniki vasitələr və proqram təminatı;
2.1.2. telekommunikasiya qurğuları və kanalları;
2.1.3. informasiya ehtiyatı və onu idarəetmə paneli;
2.1.4. ehtiyat nüsxələr;
2.1.5. istismaraqədərki formalaşma mühitləri.
2.2. Proqram-texniki vasitələr və proqram təminatı vətəndaş və biznesyönümlü həllər əsasında “Mobil Prioritetli Tərtibat” prinsipi ilə qurularaq, İGİS-in funksiyalarının həyata keçirilməsini, fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, habelə İGİS-dən istifadəni və məlumat mübadiləsini təmin edir.
2.3. İGİS fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, operativ və keyfiyyətli xidmətlər göstərilməsini, habelə məlumat mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksəkötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya qurğularına və kanallarına malikdir.
2.4. Qurulma topologiyasına uyğun olaraq İGİS-in telekommunikasiya qurğuları və kanalları iki səviyyədə təşkil edilir:
2.4.1. İGİS-in fəaliyyətinin təşkili üçün müvafiq qurumdaxili telekommunikasiya qurğuları və kanalları – sahibin struktur bölmələri tərəfindən;
2.4.2. İGİS-in digər dövlət informasiya ehtiyatları və sistemləri ilə qarşılıqlı fəaliyyətinin təşkili üçün istifadə edilən telekommunikasiya qurğuları və kanalları – Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (bundan sonra – XRİTDX) tərəfindən.
2.5. İGİS-də formalaşdırılan, İGİS-ə daxil edilən və ötürülən məlumatlar İGİS-in informasiya ehtiyatında saxlanılır.
2.6. İdarəetmə paneli İGİS-in informasiya ehtiyatının formalaşdırılmasını və idarə edilməsini, həmçinin informasiya ehtiyatından istifadəni təmin edir.
2.7. Fəaliyyətinin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə İGİS, habelə İGİS-də toplanılan məlumatların ehtiyat nüsxələri “Hökumət buludu”nda saxlanılır.
2.8. İGİS-də aparılan dəyişikliklərin yoxlanılması istismaraqədərki formalaşma mühitlərində həyata keçirilir.
3. İGİS-in altsistemləri
3.1. İGİS aşağıdakı altsistemlərdən ibarətdir:
3.1.1. “Sərhəd” altsistemi;
3.1.2. “Prosedur tədbirləri” altsistemi;
3.1.3. “Gömrük rəsmiləşdirməsi” altsistemi;
3.1.4. “Poçt və kuryer daşımaları” altsistemi;
3.1.5. “Anbar” altsistemi;
3.1.6. “Maliyyə əməliyyatları” altsistemi;
3.1.7. “Avtomatlaşdırılmış risk analizi” altsistemi;
3.1.8. “Gömrük auditi” altsistemi;
3.1.9. “Gömrük hüquqpozmaları” altsistemi;
3.1.10. “Gömrük təmsilçiləri” altsistemi;
3.1.11. “Kargüzarlıq” altsistemi;
3.1.12. “Kadrların uçotu və idarə edilməsi” altsistemi;
3.1.13. “İnventar uçotu” altsistemi;
3.1.14. “Əməkdaşlıq” altsistemi;
3.1.15. “Hesabatlılıq və analitika” altsistemi;
3.1.16. “İnzibatçılıq” altsistemi;
3.1.17. “Təlim” altsistemi.
3.2. İGİS-in altsistemləri təyinatı üzrə müvafiq sahədə idarəetmənin təmin edilməsi üçün zəruri olan məlumatların toplanılmasını və emalını, İGİS-in inteqrasiyasını, monitorinq və təhlil aparılmasını, proqnozlar hazırlanmasını və müvafiq sahədə elektron xidmətlər göstərilməsini təmin edir.
3.3. İGİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar həyata keçirilir:
3.3.1. “Sərhəd” altsistemi vasitəsilə – malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi zamanı həyata keçirilən gömrük nəzarəti tədbirləri ilə bağlı məlumatların toplanılması, emalı, uçotu və sistemləşdirilməsi;
3.3.2. “Prosedur tədbirləri” altsistemi vasitəsilə – gömrük orqanları tərəfindən gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələri barəsində aparılan gömrük əməliyyatları, gömrük baxışı və gömrük yoxlaması, habelə əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrinin aparılması ilə bağlı məlumatların toplanılması, emalı, uçotu və sistemləşdirilməsi;
3.3.3. “Gömrük rəsmiləşdirməsi” altsistemi vasitəsilə – malların və nəqliyyat vasitələrinin gömrük prosedurları altında yerləşdirilməsi, həmin prosedurların tətbiqi və başa çatdırılması ilə bağlı əməliyyatların qeydiyyatının aparılması və nəzarətin həyata keçirilməsi;
3.3.4. “Poçt və kuryer daşımaları” altsistemi vasitəsilə – beynəlxalq poçt göndərişləri və elektron ticarət vasitəsilə əldə edilmiş malların bəyan edilməsi, qeydiyyata alınması və gömrük nəzarəti ilə bağlı məlumatların toplanılması, uçotu və sistemləşdirilməsi;
3.3.5. “Anbar” altsistemi vasitəsilə – müvəqqəti saxlanc və gömrük anbarlarında yerləşdirilən malların hərəkətinə dair məlumatların toplanılması, uçotu və sistemləşdirilməsi;
3.3.6. “Maliyyə əməliyyatları” altsistemi vasitəsilə – gömrük ödənişlərinin, habelə dəbbə pulunun hesablanması, uçotu və ödənilməsinə nəzarətin həyata keçirilməsi, gömrük borcu üzrə təminat mexanizmlərinin idarə olunması, habelə gömrük borclarının təmin edilməsi ilə əlaqədar təqdim olunan qarantiyalarla əlaqədar bankların və bank olmayan kredit təşkilatlarının Komitə tərəfindən aparılan reyestrə daxil edilməsinə dair məlumatların toplanılması, emalı və sistemləşdirilməsi;
3.3.7. “Avtomatlaşdırılmış risk analizi” altsistemi vasitəsilə – süni intellekt əsaslı alqoritmlərdən istifadə yolu ilə gömrük işi sahəsində risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunması;
3.3.8. “Gömrük auditi” altsistemi vasitəsilə – xarici ticarət iştirakçıları barəsində gömrük orqanı tərəfindən həyata keçirilən gömrük auditinin nəticələrinin uçotunun aparılması və sistemləşdirilməsi;
3.3.9. “Gömrük hüquqpozmaları” altsistemi vasitəsilə – inzibati xətalar və cinayət xarakterli hüquqpozma faktları üzrə məlumatların qeydiyyata alınması, uçotu və izlənilməsi;
3.3.10. “Gömrük təmsilçiləri” altsistemi vasitəsilə – gömrük təmsilçilərinin qeydiyyata alınması və onların istifadəçi hüquqlarının idarə olunması;
3.3.11. “Kargüzarlıq” altsistemi vasitəsilə – Komitədə elektron sənəd dövriyyəsinin təşkili və icra intizamına nəzarətin həyata keçirilməsi;
3.3.12. “Kadrların uçotu və idarə edilməsi” altsistemi vasitəsilə – Komitədə insan resurslarının uçotunun aparılması və idarə olunması;
3.3.13. “İnventar uçotu” altsistemi vasitəsilə – Komitənin əsas vəsaitlərinin inventarlaşdırılmasına, uçotuna və hərəkətinin idarə olunmasına dair məlumatların toplanılması, emalı və sistemləşdirilməsi;
3.3.14. “Əməkdaşlıq” altsistemi vasitəsilə – “Gömrük-hökumət”, “Gömrük-biznes” və “Gömrük-gömrük” istiqamətləri üzrə gömrük xidmətinin Azərbaycan Respublikasının digər dövlət orqanları (qurumları), biznes subyektləri və digər dövlətlərin gömrük xidmətləri ilə inteqrasiyasının təmin edilməsi, habelə məlumat mübadiləsinin həyata keçirilməsi ilə bağlı məlumatların toplanılması, emalı və sistemləşdirilməsi;
3.3.15. “Hesabatlılıq və analitika” altsistemi vasitəsilə – İGİS-ə daxil edilmiş məlumatlar əsasında statistik və analitik hesabatların hazırlanması və təhlillərin aparılması;
3.3.16. “İnzibatçılıq” altsistemi vasitəsilə – İGİS-ə məlumat göndərmək və ya oradan məlumat almaq istəyən şəxslərə İGİS üzrə istifadəçi hüquqlarının verilməsi və idarə edilməsi;
3.3.17. “Təlim” altsistemi vasitəsilə – Komitənin təşkilatçılığı, sifarişi və ya iştirakı ilə təlimlərin təşkili və keçirilməsi ilə bağlı məlumatların toplanılması, uçotu və sistemləşdirilməsi.
4. İGİS-ə daxil edilən və ötürülən məlumatlar
4.1. İGİS-ə bu Əsasnamənin 3.3-cü bəndində nəzərdə tutulmuş altsistemlər çərçivəsində toplanılan və işlənilən məlumatlar daxil edilir.
4.2. İGİS-ə Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə ötürülən məlumatlar aşağıdakılardır:
4.2.1. ixracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamları əsasında həyata keçirilən mallar barədə məlumatlar;
4.2.2. “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ixrac nəzarətinə aid edilən malların (işlərin, xidmətlərin və əqli fəaliyyət nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üzrə verilmiş icazələr barədə məlumatlar;
4.2.3. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə dair xüsusi icazə barədə məlumatlar;
4.2.4. humanitar yardım kimi gətirilən mallara Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı barədə məlumatlar;
4.2.5. Azərbaycan Respublikasında qeydiyyata alınmış nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri barədə məlumatlar;
4.2.6. beynəlxalq axtarışda olan nəqliyyat vasitələri barədə məlumatlar;
4.2.7. təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınmasına lisenziya, təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınmasına, o cümlədən ölkə ərazisindən tranzit keçirilməsinə icazə barədə məlumatlar;
4.2.8. ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazə barədə məlumatlar;
4.2.9. avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə barədə məlumatlar;
4.2.10. Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi və həmin vəsiqələrin əlavəsi olan buraxılış kartı barədə məlumatlar;
4.2.11. sərhəd sığorta müqaviləsi barədə və Azərbaycan Yaşıl Kartı üzrə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 34-4.1.4-cü maddəsində nəzərdə tutulan məlumatlar;
4.2.12. hava gəmilərinin istismarçıları tərəfindən sərnişinlər və heyət üzvləri barədə “bir pəncərə” sisteminə ötürülən ilkin məlumatlar, sərnişin adlarının qeydiyyat məlumatları (emal olunmamış formada);
4.2.13. toksiki istehsalat tullantılarının utilizasiyasına dair lisenziya barədə məlumatlar;
4.2.14. prekursorların idxalı, ixracı və tranzit nəql edilməsi ilə bağlı fəaliyyət növünə verilən lisenziya barədə məlumatlar;
4.2.15. bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalına verilən lisenziya barədə məlumatlar;
4.2.16. prekursorların illik tələbatı və ya illik tələbatın həcminin dəyişdirilməsi barədə qəbul edilmiş qərar üzrə məlumatlar;
4.2.17. Birləşmiş Millətlər Təşkilatının “Psixotrop vasitələr haqqında” 1971-ci il tarixli Konvensiyasının 1-ci və 2-ci siyahılarında nəzərdə tutulmuş psixotrop maddələrin idxalına və ixracına icazə barədə məlumatlar;
4.2.18. standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikat barədə məlumatlar;
4.2.19. malın mənşə ölkəsini təsdiq edən sertifikat barədə məlumatlar;
4.2.20. “Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xaricimənşəli uyğunluq sənədləri barədə məlumatlar;
4.2.21. “Damazlıq heyvandarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasında dövlət qeydiyyatı aparılmış damazlıq heyvanlara verilən damazlıq pasportu (şəhadətnaməsi) və sertifikatı barədə məlumatlar;
4.2.22. idxal və istehsal olunan baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsi barədə məlumatlar;
4.2.23. kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti (dənizdən introduksiya, ixrac, təkrar ixrac və idxal) üçün icazə (sertifikat) barədə məlumatlar;
4.2.24. bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı barədə məlumatlar;
4.2.25. ixrac edilən heyvanlara, heyvan mənşəli məhsullara və xammala beynəlxalq baytarlıq sertifikatı barədə məlumatlar;
4.2.26. idxal olunmuş qida və yem məhsullarına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara idxal zamanı “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən verilən elektron bildiriş, idxal sağlamlıq aktı, ixrac olunan qida və yem məhsullarına verilən sağlamlıq sertifikatı barədə məlumatlar;
4.2.27. vəhşi heyvanlardan və yabanı bitkilərdən dərman istehsalı üçün xammal – ilan, böyə və əqrəb zəhərlərinin ixracına rəy barədə məlumatlar;
4.2.28. çöl heyvanlarının, yabanı bitkilərin və qazıntılarda tapılmış heyvan sümüklərinin ixracına rəy barədə məlumatlar;
4.2.29. baytarlıq xidmətində tətbiq edilən dərman, bioloji preparatlar və baytarlıq ləvazimatlarının idxalına rəy barədə məlumatlar;
4.2.30. zooloji kolleksiyaların yaradılmasına, zənginləşdirilməsinə, onlarla ticarətə, habelə Azərbaycan Respublikasına gətirilməsinə, onun hüdudlarından kənara göndərilməsinə və aparılmasına icazə barədə məlumatlar;
4.2.31. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamə barədə məlumatlar;
4.2.32. xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsi barədə məlumatlar;
4.2.33. sənaye parkının rezidentinin qeydiyyat şəhadətnaməsi barədə məlumatlar;
4.2.34. texnologiyalar parkının qeydiyyat şəhadətnaməsi barədə məlumatlar;
4.2.35. texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsi barədə məlumatlar;
4.2.36. sənaye, texnologiyalar parklarının rezidenti, idarəedici təşkilatı və operatoru, habelə investisiya təşviqi sənədi almış hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənəd barədə məlumatlar;
4.2.37. işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı üçün təsdiqedici sənəd barədə məlumatlar;
4.2.38. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər təhlükəli ərazilərin minalardan və digər partlayıcı sursatlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, partlayıcı və pirotexniki vasitələrin, onların yaradılması və (və ya) istehsalı üçün texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin və xammalın, habelə minaaxtaran itlərin idxalı üçün təsdiqedici sənəd barədə məlumatlar;
4.2.39. KOB klaster şirkəti tərəfindən mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənəd barədə məlumatlar;
4.2.40. fövqəladə halların qarşısının alınması və bu halların nəticələrinin aradan qaldırılması məqsədilə maddi-texniki təchizat sisteminin yaradılması, seysmik-müşahidə məntəqələrinin və qəza-xilasetmə dəstələrinin yerləşdiriləcəyi bazaların təşkili və onların fəaliyyəti üçün xüsusi texniki vasitələrin, avadanlıqların, cihazların, alətlərin, komplektləşdirici məmulatların, ehtiyat hissələrinin, ləvazimatların və materialların idxalı üçün təsdiqedici sənəd barədə məlumatlar;
4.2.41. DVB-T və DVB-T2 standartına uyğun rəqəmli televiziya yayımı üçün avadanlığı və onlara aid ötürücü anten fider sistemlərinin, həmçinin rəqəmli qəbuledici (çevirici) qurğuların idxalına dair təsdiqedici sənəd barədə məlumatlar;
4.2.42. Azərbaycan Respublikasının 2017-ci il üzrə yanacaq-enerji balansına uyğun olaraq, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazuta dair təsdiqedici sənəd barədə məlumatlar;
4.2.43. qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə dəzgahların, avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənəd barədə məlumatlar;
4.2.44. investisiya təşviqi sənədi barədə məlumatlar;
4.2.45. ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamə barədə məlumatlar;
4.2.46. svop əməliyyatları çərçivəsində xam neftin və təbii qazın idxalı üçün təsdiqedici sənəd barədə məlumatlar;
4.2.47. iri neft emalı zavodlarının (xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan) yenidən qurulması layihələri çərçivəsində avadanlıqların və materialların idxalı üçün təsdiqedici sənəd barədə məlumatlar;
4.2.48. elektrik enerjisinin ixrac və ya idxal edilməsinə icazə barədə məlumatlar;
4.2.49. sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlərin müvəqqəti ixracına dair mədəni sərvətin mühafizə şəhadətnaməsi barədə məlumatlar;
4.2.50. mədəni sərvətlərin ixracına dair mədəni sərvətin mühafizə şəhadətnaməsi barədə məlumatlar;
4.2.51. transplantasiya məqsədilə idxal və ya ixrac edilən insan orqan və toxumalarının idxalına və ya ixracına xüsusi icazə verilməsi barədə qərar üzrə məlumatlar;
4.2.52. dərman vasitələrinin dövlət qeydiyyatı haqqında vəsiqə barədə məlumatlar;
4.2.53. dərman vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxalına icazə barədə məlumatlar;
4.2.54. “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, seleksiya nailiyyətinin yeniliyə görə ekspertizası, habelə seleksiya nailiyyətinin fərqliliyə, oxşarlığa və sabitliyə görə sınaq nəticələri əsasında qeydiyyata alınmış bitki sortları barədə məlumatlar;
4.2.55. Azərbaycan Respublikasının ərazisində quruda və dəniz iqtisadi zonası hüdudlarında yerləşən istilik enerji və mineral xammal yataqları haqqında və rayonlar üzrə məlumatın ixracına rəy barədə məlumatlar;
4.2.56. ixtiralar, “nou hau” və elmi tədqiqat işlərinin nəticələrinin (ixrac nəzarətinə düşənlər istisna olmaqla) ixracı üzrə rəy barədə məlumatlar;
4.2.57. xarici dövlətlərin nümayəndəlikləri və onların əməkdaşları, habelə digər qeyri-rezidentlər üçün gömrük güzəştlərinə əsas verən sənəd barədə məlumatlar;
4.2.58. qida zənciri obyektinin (subyektinin) qeydiyyata alınmasına və ya təsdiq edilməsinə, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlərin qeydiyyata alınmasına dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarış barədə məlumatlar;
4.2.59. tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarış barədə məlumatlar;
4.2.60. mobil telefonların qeydiyyatı barədə məlumatlar;
4.2.61. birbaşa gömrük təmsilçiliyi ilə bağlı əmək münasibətlərini təsdiq edən sənəd, habelə etibarnamə barədə məlumatlar;
4.2.62. Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqələri və ümumvətəndaş pasportları barədə məlumatlar;
4.2.63. Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmış, habelə müvəqqəti və daimi yaşamaq üçün icazə almış əcnəbilərin pasport məlumatları və Azərbaycan Respublikasında qalma (yaşama) müddətləri barədə məlumatlar;
4.2.64. fiziki şəxslərin sərhədkeçmə məlumatları;
4.2.65. xarici şəxslərlə bağlanılmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitin müəyyənləşdirilmiş müddət ərzində ixracatçıya ödənilməsini müəyyən edən məlumatlar;
4.2.66. dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və video materialların, mal və məmulatın dini məzmunlu başqa məlumat materiallarının gömrük sərhədindən keçirilməsinə və beynəlxalq poçt göndərişləri vasitəsilə alınmasına razılıq barədə məlumatlar;
4.2.67. ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan xarici ölkələr və idxalı qadağan olunmuş mallar barədə məlumatlar;
4.2.68. xəstəlik vərəqəsinin açılması barədə məlumatlar (gömrük orqanlarının əməkdaşlarına münasibətdə);
4.2.69. yük-nəqliyyat sənədləri barədə məlumatlar;
4.2.70. gömrük bəyannaməsi barədə məlumatlar;
4.2.71. gömrük rəsmiləşdirilməsi ilə bağlı müraciətlər barədə məlumatlar;
4.2.72. gömrük ödənişlərinə dair təminat sənədləri barədə məlumatlar;
4.2.73. gömrük ödənişlərinin həyata keçirilməsi barədə məlumatlar.
4.3. İGİS-in digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir.
4.4. İGİS ilə digər dövlət informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsini real vaxt rejimində həyata keçirmək mümkün olmadıqda, İGİS-ə sənədlər (məlumatlar) aidiyyəti qurumlar tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə, onların elektron kabinetləri vasitəsilə daxil edilir.
4.5. İGİS-də formalaşdırılan sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə uyğun olaraq tərtib olunur və rəsmiləşdirilir.
5. İGİS-dən istifadə qaydası
5.1. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olan qurumların İGİS-dən istifadəsi onların informasiya ehtiyatları və sistemləri Qaydaların 4-cü hissəsinə və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq EHİS-ə inteqrasiya edildikdən sonra məlumat mübadiləsinin həyata keçirilməsi yolu ilə təmin edilir.
5.2. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olmayan qurumların və digər hüquqi şəxslərin İGİS-dən istifadəsi onların elektron kabinetləri vasitəsilə təmin edilir. Bu halda qurumların və digər hüquqi şəxslərin rəhbər şəxsi tərəfindən İGİS-də qeydiyyatdan keçirilən və müvafiq hüquqlar verilən məsul şəxslər EHİS-in “Vahid Giriş” altsistemi vasitəsilə identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərə daxil olaraq İGİS-dən istifadə edirlər.
5.3. Fiziki şəxslər EHİS-in “Vahid Giriş” altsistemi vasitəsilə İGİS-də identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərinə daxil olaraq İGİS-dən istifadə edirlər.
5.4. İGİS vasitəsilə göstərilən elektron xidmətlərdən istifadə İGİS-in rəsmi internet informasiya ehtiyatı (EHİS-ə keçid verilməklə) və EHİS vasitəsilə, ödəniş edilməsi isə elektron kabinetdə ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçirilir.
5.5. İGİS vasitəsilə təqdim edilən xidmət kanalları (portal, mobil tətbiq, virtual köməkçi və digər) istifadəçilərin İGİS-in fəaliyyətində iştirakını və onlardan istifadəsini, habelə elektron xidmətlərdən yararlanmasını təmin edir. Elektron xidmətlər, istifadəçi təcrübəsi və istifadəçi yönümlülüyü nəzərə alınmaqla xidmət kanalları vasitəsilə təqdim edilir.
6. Sahibin vəzifələri və hüquqları
6.1. İGİS-in fəaliyyətini təmin etmək üçün sahibin vəzifələri aşağıdakılardır:
6.1.1. İGİS-in idarə olunmasını təşkil etmək, təkmilləşdirilməsi və funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;
6.1.2. İGİS-in dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinə, o cümlədən İGİS-də toplanılan, işlənilən və mühafizə edilən fərdi məlumatların (“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi və dövlət qeydiyyatından keçirilməsi üçün tədbirlər görmək;
6.1.3. fərdi məlumatların İGİS-də toplanılmasının, işlənilməsinin və mühafizəsinin bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğunluğunun təmin edilməsi üçün tədbirlər görmək;
6.1.4. İGİS-in təşkili və fəaliyyəti üzrə qiymətləndirmə aparmaq üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (bundan sonra – Nazirlik) zəruri şərait yaratmaq, o cümlədən normativ hüquqi aktların tələblərinə uyğun olmasına nəzarət etmək məqsədilə İGİS-ə çıxış, habelə onların texnoloji infrastrukturu ilə tanışlıq (baxış) və test etmə imkanlarını təmin etmək;
6.1.5. İGİS-in informasiya təhlükəsizliyini XRİTDX və operator ilə, kritik informasiya infrastrukturunun obyekti hesab edilən dövlət informasiya ehtiyatlarına və sistemlərinə münasibətdə həmçinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (bundan sonra – DTX) ilə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə habelə Nazirliklə birlikdə təmin etmək;
6.1.6. İGİS-in informasiya təhlükəsizliyi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə, bu barədə məlumatları dərhal DTX-yə (kritik informasiya infrastrukturu obyektlərinə münasibətdə), XRİTDX-yə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin Nazirliyə təqdim etmək, habelə DTX, XRİTDX və Nazirlik tərəfindən bu barədə sorğular verildikdə həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırmaq;
6.1.7. İGİS-ə daxil edilmiş və (və ya) ötürülmüş məlumatların mühafizəsinin, habelə daxil edilmiş məlumatların aktuallığının, etibarlılığının, təhrifolunmazlığının, əlçatanlığının, tamlığının və konfidensiallığının təmin edilməsi ilə bağlı tədbirlər görmək;
6.1.8. İGİS-ə qarşı müdaxilə cəhdləri aşkar etdikdə, bu barədə məlumatları dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;
6.1.9. İGİS-in, o cümlədən onun ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün Nazirlik və operatorla birlikdə tədbirlər görmək;
6.1.10. elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında EHİS vasitəsilə göstərilməsini təmin etmək;
6.1.11. EHİS-də yaradılan elektron imkanlar vasitəsilə, istifadəçilərin tələbi əsasında, onlar barəsində məlumatlarda aparılan düzəlişləri təsdiq və ya rədd etmək;
6.1.12. İGİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
6.1.13. aidiyyəti qurumların İGİS-in fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;
6.1.14. dövlət xidmətləri göstərilməsi üçün tələb edilən sənədlər barədə informasiya digər dövlət informasiya ehtiyatlarında və sistemlərində olduqda, həmin informasiyanın ilkin mənbədən əldə edilməsi üçün operator və Nazirliklə birlikdə tədbirlər görmək;
6.1.15. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) İGİS-ə daxil etmək;
6.1.16. İGİS-dən sərbəst və maneəsiz istifadənin, habelə onun dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin olunmasına nəzarət etmək;
6.1.17. İGİS-də dəyişikliklər edilməsi üçün operatora göstərişlər vermək və onların həyata keçirilməsinə nəzarət etmək;
6.1.18. İGİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərinin layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparılmasına nəzarət etmək;
6.1.19. normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
6.2. İGİS-in fəaliyyətini təmin etmək üçün sahibin aşağıdakı hüquqları vardır:
6.2.1. İGİS-in formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənmək, bu sahədə beynəlxalq təşkilatlarla, habelə Azərbaycan Respublikasının və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;
6.2.2. İGİS-dən istifadə və onun funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparmaq;
6.2.3. İGİS-in fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
6.2.4. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
7. Operatorun vəzifələri və hüquqları
7.1. Operatorun vəzifələri aşağıdakılardır:
7.1.1. İGİS-in informasiya təhlükəsizliyini XRİTDX və sahiblə, kritik informasiya infrastrukturunun obyekti hesab edilən dövlət informasiya ehtiyatlarına və sistemlərinə münasibətdə həmçinin DTX ilə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə habelə Nazirliklə birlikdə təmin etmək;
7.1.2. İGİS-in informasiya təhlükəsizliyi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə, bu barədə məlumatları dərhal DTX-yə (kritik informasiya infrastrukturu obyektlərinə münasibətdə), XRİTDX-yə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin Nazirliyə təqdim etmək, habelə DTX, XRİTDX və Nazirlik tərəfindən bu barədə sorğular verildikdə həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırmaq;
7.1.3. İGİS-ə qarşı müdaxilə cəhdləri aşkar etdikdə, bu barədə məlumatları dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;
7.1.4. İGİS-in, o cümlədən onun ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün Nazirlik və sahiblə birlikdə tədbirlər görmək;
7.1.5. İGİS-in təhlükəsizliyi pozulduqda, fəaliyyətində nasazlıq yarandıqda, əsas avadanlıqlarında hər hansı qəza (xəta) baş verdiyi halda dərhal aidiyyəti dövlət orqanlarını və sahibi məlumatlandırmaq, nasazlığın və qəzanın (xətanın) qeydiyyatını aparmaq, dərhal aradan qaldırılması üçün sahibin verdiyi göstərişlərə uyğun təcili tədbirlər görmək, bu mümkün olmadıqda isə İGİS-in “Hökumət buludu”nun ehtiyat Data Mərkəzində fəaliyyətini davam etdirməsi üçün Nazirliklə birlikdə zəruri tədbirlər görmək;
7.1.6. İGİS-in fəaliyyətinin idarə olunması, təkmilləşdirilməsi və onun funksional imkanlarının artırılması istiqamətində, sahiblə razılaşdırmaqla, texniki tədbirlər görmək və bu barədə İGİS-in fəaliyyətində iştirak edən aidiyyəti dövlət qurumlarını məlumatlandırmaq;
7.1.7. İGİS-dən sərbəst və maneəsiz istifadəni, onun dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə İGİS-in proqram kompleksinə nəzarəti həyata keçirmək və mütəmadi texniki baxışı təşkil etmək;
7.1.8. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) İGİS-ə daxil etmək;
7.1.9. İGİS-i EHİS-ə inteqrasiya etmək, digər dövlət informasiya ehtiyatı və sistemi ilə məlumat mübadiləsini EHİS vasitəsilə həyata keçirmək;
7.1.10. İGİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
7.1.11. İGİS-in komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək, təkmilləşdirilməsi üçün profilaktik iş aparmaq;
7.1.12. Nazirliyin və sahibin bu Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdikləri təkliflər əsasında İGİS-də dəyişikliklər edilməsi üçün tədbirlər görmək;
7.1.13. sahibin göstərişi ilə, normativ hüquqi aktlarda edilən dəyişikliklərə əsasən proqram təminatında uyğunlaşdırmalar aparılmasını, eləcə də yeni proqram modullarının yazılmasını və sınaqlar keçirilməsini təmin etmək;
7.1.14. İGİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı sənədləri və texniki məlumatları sahibə və Nazirliyə təqdim etmək;
7.1.15. İGİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərini layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparmaq;
7.1.16. İGİS-dən istifadəni, habelə onun üzərindən göstərilən elektron xidmətlərin əlçatanlığını təmin etmək üçün formalaşdırılan mobil tətbiqi “elektron marketlərdə” yerləşdirmək;
7.1.17. aidiyyəti qurumların İGİS-in fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;
7.1.18. normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
7.2. Operatorun aşağıdakı hüquqları vardır:
7.2.1. İGİS-in fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
7.2.2. İGİS-in təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər vermək;
7.2.3. İGİS-lə məlumat mübadiləsində iştirak edəcək digər informasiya ehtiyatları və sistemləri müəyyən edilmiş texniki və funksional tələblərə cavab vermədiyi hallarda onlarda zəruri dəyişikliklər edilməsi məqsədilə məsələ qaldırmaq;
7.2.4. İGİS-in parametrlərində sahiblə razılaşdırmaqla dəyişiklik etmək və bütün mümkün parametrlər üzrə hesabatlar əldə etmək;
7.2.5. iştirakçılar və istifadəçilər İGİS-in təhlükəsiz və effektiv fəaliyyətinin pozulmasına səbəb olan əməllərə yol verdikdə, İGİS-ə giriş imkanını sahiblə razılaşdırmaqla ləğv etmək və ya məhdudlaşdırmaq;
7.2.6. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
8. İştirakçıların vəzifələri və hüquqları
8.1. İştirakçıların vəzifələri aşağıdakılardır:
8.1.1. İGİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
8.1.2. İGİS-ə daxil olmağa imkan verən elektron imza vasitələrinin konfidensiallığını (məxfiliyini) təmin etmək;
8.1.3. aktual, tam və etibarlı məlumatları (sənədləri) vaxtında və dolğun şəkildə İGİS-ə daxil etmək (ötürmək);
8.1.4. məlumatların mühafizəsini təmin edən avadanlıq və proqram vasitələrinə müdaxilə etməmək;
8.1.5. İGİS-dən, habelə İGİS-də olan məlumatlardan (sənədlərdən) yalnız xidməti məqsədlər üçün istifadə etmək;
8.1.6. İGİS-də saxlanılan məlumatlarda (sənədlərdə) aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dərhal sahibə və ya operatora məlumat vermək;
8.1.7. sahibin və operatorun İGİS-ə daxil etdiyi və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumatları izləmək;
8.1.8. İGİS-in fəaliyyətinə zərər gətirəcək, habelə onun fəaliyyətinin ləngiməsinə və ya dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək;
8.1.9. məlumat mübadiləsi zamanı aşkar olunmuş çatışmazlıqların və yaranan nasazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görmək, bu barədə sahibə və Nazirliyə məlumat vermək;
8.1.10. öz təşəbbüsləri, habelə Nazirliyin və sahibin bu Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdikləri təkliflər əsasında sahibi və ya operatoru olduğu dövlət informasiya ehtiyatlarında və sistemlərində zəruri dəyişikliklər etmək.
8.2. İştirakçıların aşağıdakı hüquqları vardır:
8.2.1. İGİS-in fəaliyyəti ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün sahibə və ya operatora sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
8.2.2. İGİS-in təkmilləşdirilməsi istiqamətində sahibə və ya operatora təkliflər vermək.
9. İstifadəçilərin hüquqları
9.1. İstifadəçilərin İGİS-dən istifadə ilə bağlı aşağıdakı hüquqları vardır:
9.1.1. İGİS-dəki açıq məlumatlarla tanış olmaq və onları əldə etmək;
9.1.2. qanunla müəyyən edilmiş hallar istisna olmaqla, özləri barəsində məlumatlarla tanış olmaq, onları əldə etmək və ya dəqiqləşdirilməsi üçün sahibə və ya operatora müraciət etmək;
9.1.3. elektron kabinetləri üzərindən müraciətlərini göndərmək, elektron xidmətlərdən istifadə etmək və ödənişləri həyata keçirmək;
9.1.4. sahiblə, operatorla, iştirakçılarla və digər istifadəçilərlə qarşılıqlı əlaqəni və sənəd (məlumat) mübadiləsini elektron qaydada həyata keçirmək;
9.1.5. İGİS-in fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
9.1.6. İGİS-dən istifadə ilə bağlı hüquqlarının pozulmasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək;
9.1.7. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.