Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasının və Gömrük Əməkdaşlıq Şurasının sessiyaları keçirilir
Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasının və Gömrük Əməkdaşlıq Şurasının sessiyaları keçirilir
İyunun 22-24-də Belçika Krallığının paytaxtı Brüssel şəhərində yerləşən Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş qərargahında ÜGT-nin Siyasi Komissiyasının 94-cü sessiyası, iyunun 25-27-də isə təşkilatın ali qərar qəbuledici orqanı olan Gömrük Əməkdaşlıq Şurasının 147/148-ci sessiyaları öz işinə başlayıb.
ÜGT Katibliyinin, təşkilata üzv dövlətlərin gömrük administrasiyalarının rəhbərlərinin və beynəlxalq tərəfdaş qurumların nümayəndələrinin təmsil olunduğu sessiyalarda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Sessiyaların keçirilməsində əsas məqsəd qlobal gömrük gündəliyində yer alan aktual məsələlərin müzakirəsi, ÜGT-nin 2025-2028-ci illər üzrə Strateji Planının icrası istiqamətində görülən işlərin qiymətləndirilməsi, beynəlxalq gömrük əməkdaşlığının gücləndirilməsi, ticarətin asanlaşdırılması, təchizat zəncirinin təhlükəsizliyinin və bütövlüyünün təmin edilməsi, həmçinin gömrük işi sahəsində rəqəmsal transformasiya və innovativ yanaşmaların tətbiqi ilə bağlı gələcək prioritetlərin müəyyənləşdirilməsidir.
Tədbirin gündəliyində ÜGT Baş katibinin hesabatı, regional məsləhətləşmələr, texniki məsələlər üzrə hesabatların təsdiqi, ÜGT-də həyata keçirilən institusional islahatlar və təşkilatın gələcək inkişaf istiqamətləri, dayanıqlı maliyyələşmə, 2026-2027-ci illər üzrə İcra Planı, eləcə də təşkilatın rəhbər və seçkili orqanlarına seçkilərlə bağlı məsələlər yer alır.
Müzakirələrdə məlumatların strateji resurs kimi idarə olunması, süni intellekt və innovativ texnologiyaların gömrük fəaliyyətində tətbiqi, elektron ticarətin inkişafı, təchizat zəncirinin bütövlüyü, narkotik qaçaqmalçılığına qarşı mübarizədə gömrük orqanlarının rolu, Yaşıl Gömrük təşəbbüsləri, özəl sektorla əməkdaşlıq, regional strukturların fəaliyyəti və gömrük işi sahəsində dürüstlük məsələləri diqqət mərkəzində olacaq.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi