Koreya gömrük xidməti ilə təcrübə mübadiləsi aparılır
Koreya gömrük xidməti ilə təcrübə mübadiləsi aparılır
Dövlət Gömrük Komitəsinin əməkdaşları gömrük və logistika sahəsində qabaqcıl təcrübələrin mübadiləsi məqsədilə Koreya Respublikasına səfər edib.
Koreya Gömrük Xidmətinin dəvəti ilə reallaşan səfər çərçivəsində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İnçeon Beynəlxalq Hava Limanında görüşlər keçirib.
Proqram çərçivəsində nümayəndə heyəti Azad Ticarət Zonasında fəaliyyət göstərən özəl logistika şirkətinin fəaliyyəti ilə tanış olub, logistika proseslərinin təşkili, yüklərin emalı və müasir idarəetmə mexanizmləri barədə məlumat alıb.
Daha sonra İnçeon Hava Limanının Ekspres Yük Logistika Mərkəzində hava yolu ilə yük daşımalarının təşkili, sürətli yük emalı və gömrük prosedurlarının optimallaşdırılması sahəsində tətbiq olunan qabaqcıl təcrübələr barədə məlumat verilib.
Həmçinin nümayəndə heyətinin üzvləri hava limaninin sərnişin gömrük nəzarəti məntəqələrində tətbiq edilən müasir texnologiyalar, risklərin idarə olunması sistemi və sərnişinlərin gömrük rəsmiləşdirilməsi prosesi ilə yaxından tanış olublar.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi