Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti Çin Xalq Respublikasına işgüzar səfər edib
Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti Çin Xalq Respublikasına işgüzar səfər edib
Azərbaycan və Çin gömrük xidmətləri arasında əməkdaşlığın gücləndirilməsi, gömrük sistemində rəqəmsal həllər, süni intellektin tətbiqi ilə bağlı qabaqcıl təcrübələrin öyrənilməsi və mübadiləsi məqsədilə təşkil olunan səfər çərçivəsində nümayəndə heyəti Çin Baş Gömrük Administrasiyası rəhbərinin müavini ilə görüş keçirib.
İki ölkənin gömrük orqanları arasında mövcud əməkdaşlığın vəziyyəti, gələcək inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə olunub, rəqəmsal gömrük idarəçiliyi, risklərin idarə olunması, süni intellekt texnologiyalarının gömrük proseslərinə inteqrasiyası, məlumat mübadiləsi, əməliyyat prosedurlarının təkmilləşdirilməsi və institusional inkişaf istiqamətlərində təcrübə mübadiləsi aparılıb.
Görüş çərçivəsində "Smart Customs" konsepsiyasının tətbiqi üzrə əməkdaşlığın genişləndirilməsi, rəqəmsal gömrük həllərinin inkişaf etdirilməsi, eləcə də Orta Dəhlizin imkanları barədə müzakirələr keçirilib.
“Huawei”, “Percent” və “Maxvision” şirkətlərində keçirilən görüşlərdə ağıllı gömrük və sərhəd idarəçiliyi, süni intellekt əsaslı qərar qəbuletmə sistemləri, böyük dil modellərinin dövlət xidmətlərində tətbiqi, generativ süni intellekt həlləri, gömrük bəyannamələrinin intellektual emalı, malların avtomatlaşdırılmış təsnifatlandırılması, risklərin analitik qiymətləndirilməsi, post-gömrük auditi və məlumatların emalı, eyni zamanda gömrük və logistika sahəsində tətbiq olunan proqram təminatı həlləri ilə yaxından tanış olublar.
Səfər çərçivəsində nümayəndə heyəti Honq Konq–Şençjen sərhədində yerləşən “Liantang”, eləcə də “Şekoyu” gömrük keçid məntəqələrində tətbiq olunan ən müasir texnoloji həllər, süni intellekt dəstəyi ilə risklərin qiymətləndirilməsi sistemləri, intellektual nəzarət mexanizmləri, avtomatlaşdırılmış yoxlama avadanlıqları, rəqəmsal əməliyyat prosedurları və gömrük anbarı üzrə qabaqcıl təcrübələr ilə tanış olublar.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi