Biznes subyektləri ilə görüş keçirilib
Biznes subyektləri ilə görüş keçirilib
Alman-Azərbaycan Xarici Ticarət Palatasının Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupu tərəfindən təşkil edilmiş “Gömrük qanunvericiliyinə dair yeniliklər” tədbiri çərçivəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndələrinin, PwC Azərbaycan şirkətinin mütəxəssislərinin və biznes subyektlərinin iştirakı ilə görüş keçirilib.
Panel müzakirədə Dövlət Gömrük Komitəsinin əməkdaşları gömrük qanunvericiliyindəki son yeniliklər, həyata keçirilən və planlaşdırılan islahatlar, ticarətin asanlaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib, həmçinin “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi, “Etibarlı Tərəfdaş Konsepsiyası” və onun tətbiqi istiqamətində görülən işlər barədə məruzələrlə çıxış ediblər.
Panel müzakirədən sonra keçirilən interaktiv sual-cavab sessiyasında gömrük əməkdaşları tərəfindən biznes nümayəndələrinin sualları ətraflı cavablandırılıb, onları maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi