Səlahiyyətli İqtisadi Operator Proqramının müzakirəsinə həsr olunmuş görüş keçirilib
Səlahiyyətli İqtisadi Operator Proqramının müzakirəsinə həsr olunmuş görüş keçirilib
Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə Çin Xalq Respublikası Baş Gömrük İdarəsinin əməkdaşları arasında Səlahiyyətli İqtisadi Operator Proqramının müzakirəsinə həsr olunmuş onlayn görüş keçirilib.
Təcrübə mübadiləsi məqsədilə təşkil olunan görüşdə Dövlət Gömrük Komitəsinin Gömrük Siyasəti Baş İdarəsinin rəisi Rövşən Namazov təqdimatla çıxış edərək Etibarlı Tərəfdaş Konsepsiyası və Səlahiyyətli İqtisadi Operator Proqramı çərçivəsində görülən işləri diqqətə çatdırıb.
Daha sonra Çin Xalq Respublikası Baş Gömrük İdarəsinin nümayəndələri tərəfindən “Çin Gömrüyündə Səlahiyyətli İqtisadi Operator Proqramı” mövzusunda təqdimat nümayiş etdirilib. Təqdimatda proqramın hüquqi əsasları, tətbiq meyarları, monitorinq mexanizmləri və beynəlxalq əməkdaşlıq imkanları barədə ətraflı məlumat verilib. Həmçinin bu sahədə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti vurğulanıb və əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyi qeyd edilib.
Görüşdə mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran məsələlər müzakirə olunub.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi