Praktiki bərə təlimi keçirilib
Praktiki bərə təlimi keçirilib
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (BMTNCİ) Sərnişin və Yüklərə Nəzarət Proqramının (PCCP) Gömrük Orqanları və Liman Nəzarət Qruplarının Regional Şəbəkəsi (IREN) çərçivəsində Türkmənistanın Türkmənbaşı Beynəlxalq Dəniz Limanı ilə Azərbaycanın Beynəlxalq Dəniz Ticarəti Limanı arasında praktiki bərə təlimi keçirilib.
Təlimdə Azərbaycan, Qazaxıstan, Tacikistan və Türkmənistanın gömrük xidmətlərinin, BMTNCİ və ÜGT-nin nümayəndələri iştirak edib.
Təlim Liman Nəzarət Bölmələri arasında real vaxt rejimində əməliyyat əməkdaşlığı və məlumat mübadiləsinin gücləndirilməsi, Xəzər dənizi vasitəsilə daşınan yüksək riskli yüklərin müəyyən edilməsi, hədəflənməsi və qarşısının alınmasına dair praktiki bacarıqların təkmilləşdirilməsi məqsədilə təşkil olunub.
Təlim çərçivəsində Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Fuad Məmmədov yükdaşımaların həcminin sürətlə artdığı Orta Dəhliz boyu beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi, gömrük orqanlarının potensialının gücləndirilməsi, məlumat və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından təlimin əhəmiyyətinə diqqət çəkib.
Daha sonra ÜGT-nin eksperti Svetlan Savov müxtəlif hüquqpozma predmetlərinin saxlanması, Dövlət Gömrük Komitəsinin əməkdaşı isə Azərbaycanın gömrük xidmətində tətbiq olunan rəqəmsal texnologiyalara dair təqdimatlarla çıxış ediblər.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi