Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Ümumdünya Gömrük Təşkilatının 7-ci Qlobal Kinoloji Forumu keçirilir

Ümumdünya Gömrük Təşkilatının 7-ci Qlobal Kinoloji Forumu keçirilir

Sentyabrın 7-də Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) 7-ci Qlobal Kinoloji Forumu öz işinə başlayıb.

Forumda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Beynəlxalq tədbir bu sahədə fəaliyyət göstərən gömrük administrasiyaları və digər aidiyyəti tərəflər arasında təcrübə mübadiləsi, qabaqcıl yanaşmaların paylaşılması, mövcud çağırışların müzakirəsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm platforma hesab olunur.

Forumun əsas müzakirə mövzuları sırasında kinoloji bölmələrin fəaliyyətində yeni tendensiyalar, çağırışlar və imkanlar, əməliyyat mühitlərində kinoloji qrupların potensialından maksimum səmərə ilə istifadə edilməsi, həmçinin xidmət itlərinin aşkarlama qabiliyyətlərinin elmi əsasları və alternativ təlim materiallarından istifadənin üstün və zəif tərəfləri yer alır.

İki gün davam edəcək forum çərçivəsində ÜGT-nin kinoloji proqramlar üzrə hazırladığı “Ən yaxşı təcrübələr və təlimatlar” toplusunun, həmçinin “ÜGT-nin Regional Kinoloji Təlim Mərkəzləri üçün Akkreditasiya Standartları” sənədinin təqdimatı nəzərdə tutulur.

Forumun proqramına, həmçinin iştirakçıların Özbəkistan Regional Kinoloji Təlim Mərkəzinə səfəri də daxildir.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

7 Sentyabr 2026 11:56
195