“Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişikliklər edilib
“Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişikliklər edilib
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 sentyabr 2026-cı il tarixli Qərarı ilə “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişikliklər edilib.
Dəyişikliyin əsas məqsədi fiziki şəxslərin istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, elektron ticarət platformalarından alınan mallarının bəyan edilməsi qaydalarının təkmilləşdirilməsi və elektron xidmət imkanlarının genişləndirilməsidir.
Əvvəllər fiziki şəxslərin müşayiət olunan və müşayiət olunmayan baqajla gətirdikləri malların bəyan edilməsi eyni sadələşdirilmiş bəyannamə forması əsasında həyata keçirilirdi. Dəyişikliklə bu iki hal üzrə bəyanetmə prosedurları fərqləndirilərək müşayiət olunmayan baqajda gətirilən mallar üçün ayrıca sadələşdirilmiş bəyannamə forması müəyyən edilib. Bu yanaşma malların xüsusiyyətinə və daşınma formasına uyğun daha çevik və rahat bəyanetmə imkanının yaradılmasına xidmət edəcəkdir.
Qəbul edilmiş qərarın tətbiqi məlumatların daha dəqiq təqdim edilməsinə, risklərin səmərəli idarə olunmasına, gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsinə, vətəndaşların seçim imkanlarının genişləndirilməsinə və göstərilən xidmətlərdən məmnunluq səviyyəsinin yüksəldilməsinə töhfə verəcəkdir.
Qeyd edək ki, qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi