“Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə standartların tətbiq edilməsi” mövzusunda təlim keçirilib
“Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə standartların tətbiq edilməsi” mövzusunda təlim keçirilib
Sentyabrın 10-da Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə standartların tətbiq edilməsi” mövzusunda təlim keçirilib.
Dövlət Gömrük Komitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən təlimdə ərazi və ixtisaslaşmış gömrük orqanlarının əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edənlər gömrük əməkdaşlarının Əmək Məcəlləsinin tələbləri və əməyin mühafizəsi üzrə təhlükəsizlik qaydaları barədə məlumatlı olmalarının vacibliyini qeyd edərək təlimin bu sahədə bilik və bacarıqların artırılması baxımından əhəmiyyətini vurğulayıblar.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları Təranə Vəliyeva və Eldar Mehdizadə tərəfindən “Əməyin mühafizəsi sahəsində qanunvericilik və normativ tələblər”, “Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları” mövzularında təqdimatlar nümayiş etdirilib. İştirakçılara Əmək Məcəlləsinin müvafiq müddəaları, işəgötürənin əsas vəzifə və öhdəlikləri, əməyin mühafizəsi, istehsalatda baş vermiş bədbəxt hadisələrin araşdırılması və digər məsələlər barədə ətraflı məlumat verilib.
Təlimin sonunda mövzular ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi