Gömrük sistemində yeni mərhələ: sərhəddə nəzarətdən etibarlı tərəfdaşlığa
Gömrük sistemində yeni mərhələ: sərhəddə nəzarətdən etibarlı tərəfdaşlığa
Gömrük nəzarətinin yeni modeli və strateji istiqamətlər
Gömrük Məcəlləsinə edilmiş genişmiqyaslı dəyişikliklərlə gömrük sistemi yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu dəyişikliklər xarici ticarətin sürətləndirilməsini, sahibkarların inzibati yükünün və xərclərinin azaldılmasını, etibarlı biznes üçün yeni üstünlüklərin yaradılmasını, habelə gömrük nəzarətinin rəqəmsal modelə keçirilməsini hədəfləyir.
Gömrük tənzimlənməsinin fəlsəfəsi və konsepsiyası dəyişir: sərhəddə nəzarətə əsaslanan modeldən məlumatı əvvəlcədən əldə edən, riskləri təhlil edən, etibarlılıq meyarlarına cavab verən xarici ticarət iştirakçılarına münasibətdə sadələşdirilmiş gömrük prosedurlarının tətbiqini nəzərdə tutan və nəzarətin mühüm hissəsini malların buraxılışından sonrakı mərhələdə həyata keçirən sistemə keçid baş verir.
Bu dəyişikliklərin əsas istiqamətlərindən biri biznes subyektləri üçün daha əlverişli gömrük mühitinin formalaşdırılmasıdır. Yeni yanaşmanın məqsədi gömrük nəzarətini zəiflətmək deyil, qanunvericiliyin tələblərinə riayət edən xarici ticarət iştirakçıları üçün gömrük əməliyyatlarının sürətləndirilməsinə, malların gömrük sərhədindən keçirilməsi zamanı yaranan ləngimələrin və logistika-saxlanc xərclərinin azaldılmasına, eyni zamanda gömrük nəzarətinin risklərin qiymətləndirilməsi əsasında daha hədəfli və səmərəli həyata keçirilməsinə hüquqi şərait yaratmaqdır.
Etibarlı tərəfdaşlıq və sahibkarlığa dövlət dəstəyi
Yeni hüquqi çərçivə, eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Etibarlı Tərəfdaş Konsepsiyası”nda müəyyən olunan strateji istiqamətlərlə uzlaşır və onların reallaşdırılmasını dəstəkləyir. Konsepsiyanın gömrük-biznes əməkdaşlığını, beynəlxalq ticarət-təchizat zəncirinin müasir tələblərini və sahibkarlara dövlət dəstəyini önə çıxaran istiqamətləri artıq Gömrük Məcəlləsində konkret hüquqi mexanizmlərlə möhkəmləndirilir.
Xarici ticarət əməliyyatlarında vaxt amili sahibkarlıq subyektlərinin xərclərinə birbaşa təsir göstərir. Malların sərhəddə və gömrük terminallarında ləngiməsi əlavə saxlanc xərclərinin yaranmasına, nəqliyyat vasitələrinin səmərəsiz dayanmasına, müqavilə öhdəliklərinin vaxtında icrasında çətinliklərə və təchizat zəncirinin fasiləsizliyinin pozulmasına səbəb ola bilər. Bu baxımdan dəyişikliklərin praktiki əhəmiyyəti gömrük əməliyyatlarının sürətləndirilməsi, malların hərəkətində ləngimələrin və bununla bağlı əlavə xərclərin azaldılması üçün hüquqi mexanizmlərin yaradılması ilə ifadə olunur.
Elektron alətlər və sadələşdirilmiş prosedurlar
Məcəllədə qısa idxal və ixrac bəyannamələri, müvəqqəti saxlanc bəyannaməsi, elektron nəqliyyat sənədləri, sürətli (ekspress) daşınan mallar və digər müasir alətlər aydın hüquqi çərçivəyə salınır. Beynəlxalq müqavilələr çərçivəsində elektron informasiya sistemləri vasitəsilə əvvəlcədən təqdim olunan ilkin məlumatların qısa idxal bəyannaməsi kimi qəbul edilməsi, eləcə də müəyyən hallarda gömrük bəyannaməsindəki məlumatları əks etdirən elektron nəqliyyat sənədindən bəyannamə kimi istifadə imkanı eyni məlumatın təkrar-təkrar təqdim olunmasını azaldır.
Ticarətin Asanlaşdırılması Mərkəzlərinin hüquqi statusunun qanun səviyyəsində müəyyən edilməsi də gömrük əməliyyatlarının sadələşdirilməsinə xidmət edir. Bu mərkəzlər asanlaşdırılmış gömrük rəsmiləşdirilməsinin, logistika və digər dövlət xidmətlərinin vahid məkanda əlaqələndirilmiş şəkildə həyata keçirilməsinə imkan yaratmaqla sahibkarların müxtəlif dövlət orqanlarına ayrıca müraciət etmək zərurətini və bununla bağlı vaxt itkisini azaldır. Sözügedən mexanizm xidmətlərin yalnız eyni məkanda təqdim olunmasını deyil, həm də aidiyyəti prosedurların qarşılıqlı əlaqəli və ardıcıl qaydada təşkilini, beləliklə, xarici ticarət iştirakçıları üçün daha aydın və əlçatan xidmət mühitinin formalaşdırılmasını nəzərdə tutur.
Səlahiyyətli iqtisadi operator statusu ilə bağlı normaların təkmilləşdirilməsi
Yeni modelin əsas prinsiplərindən biri gömrük nəzarətinin xarici ticarət iştirakçılarının və həyata keçirilən əməliyyatların risk səviyyəsi nəzərə alınmaqla fərqləndirilməsidir. Gömrük qanunvericiliyinin tələblərinə davamlı əməl edən, etibarlı uçot və təhlükəsizlik sisteminə malik şəxslərə münasibətdə sadələşdirilmiş gömrük prosedurlarının, yüksək riskli əməliyyatlara münasibətdə isə daha hədəfli nəzarət tədbirlərinin tətbiqi nəzərdə tutulur. Bu yanaşmanın əsas hüquqi mexanizmlərindən biri səlahiyyətli iqtisadi operator institutudur.
Səlahiyyətli iqtisadi operator statusunun verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ləğvi prosedurları “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılır, habelə həmin statusa malik şəxslərin reyestrinin aparılması və siyahısının dərc edilməsi nəzərdə tutulur. Digər dövlətlərin gömrük orqanları tərəfindən verilmiş analoji statusun gömrük nəzarətinə xələl gətirməmək şərtilə beynəlxalq müqavilələr əsasında tanınması isə qarşılıqlı tanınma mexanizmlərinin tətbiqinə və Azərbaycan Respublikasında səlahiyyətli iqtisadi operator statusu almış şəxslərin beynəlxalq ticarət əməliyyatlarında müvafiq sadələşdirmələrdən istifadə etməsinə hüquqi zəmin yaradır. Bu status formal xarakter daşımır; onun hüquqi mahiyyəti müəyyən edilmiş etibarlılıq meyarlarına cavab verən xarici ticarət iştirakçılarına gömrük nəzarətinin sadələşdirilmiş forma və üsullarından istifadə hüququnun verilməsindən ibarətdir.
Məcəlləyə daxil edilən səlahiyyətli mal alan və səlahiyyətli mal göndərən institutları etibarlı tərəfdaşlıq mexanizmlərini genişləndirir. Müəyyən edilmiş tələblərə cavab verən şəxslər malları gömrük orqanına təqdim etmədən birbaşa öz ünvanlarında qəbul edə və ya həmin ünvandan yola sala bilərlər. Bu, əlavə logistika əməliyyatlarının, vaxt itkisinin və əlaqədar xərclərin azalmasına xidmət edir.
Etibarlı ticarət iştirakçıları üçün onların tətbiq etdiyi plomb və digər eyniləşdirmə vasitələrinin gömrük orqanları tərəfindən tanınması, malların gömrük əməkdaşının iştirakı olmadan yüklənib-boşaldılması, habelə şəxsin istifadəsində olan anbarda saxlanılması imkanları yaradılır. Nəticədə gömrük əməliyyatları sahibkarın logistika proseslərinə uyğunlaşdırılır, vaxt və əlaqədar xərclər azalır.
Gömrük təmsilçiliyi və gömrük nəzarəti mexanizmlərinin müasirləşdirilməsi
Biznes üçün mühüm yeniliklərdən biri gömrük təmsilçiliyi sisteminin müasirləşdirilməsidir. Mövcud broker modeli birbaşa və dolayı təmsilçilik mexanizmləri ilə əvəz olunur, sənədlərin elektron təqdimatı genişləndirilir. Dolayı təmsilçilik fəaliyyətində lisenziyanın reyestr əsaslı tənzimləmə ilə əvəz edilməsi inzibati maneələri azaldaraq xidmət bazarında rəqabəti və sahibkarların seçim imkanlarını artırır.
Müasir gömrük idarəçiliyində ticarətin asanlaşdırılması və effektiv nəzarət bir-birini tamamlayan istiqamətlərdir. Yeni yanaşma nəzarət tədbirlərinin risk səviyyəsinə uyğun və hədəfli tətbiqini nəzərdə tutur. Bu məqsədlə risklərin avtomatlaşdırılmış qaydada idarə edilməsi möhkəmləndirilir, malların buraxılışından sonrakı gömrük auditi isə kameral və səyyar formalar üzrə daha aydın tənzimlənir.
Kameral gömrük auditi sahibkarın fəaliyyət yerinə getmədən, malların buraxılışından sonra sənəd və məlumatların təhlili əsasında aparılır. Eyni bəyannamə üzrə təkrar auditə yol verilməməsi, sahibkara izahat təqdim etmək və nəticələrdən şikayət etmək imkanının tanınması hüquqi müəyyənliyi gücləndirir.
Səyyar audit üzrə də aydın prosedur təminatları müəyyən edilir. Planlı auditlərin dövriliyinin məhdudlaşdırılması, sahibkarın əvvəlcədən məlumatlandırılması və auditin vahid məlumat reyestrində qeydiyyata alınması onun hüquqlarının müdafiəsini gücləndirir. Gömrük və vergi orqanlarının birgə audit aparmaq imkanı isə təkrarlanan yoxlamaların qarşısının alınmasına şərait yaradır.
Gömrük baxışı ilə gömrük yoxlamasının hüquqi baxımdan fərqləndirilməsi nəzarət tədbirlərinin sərhədlərini daha aydın müəyyən edir. Təkrar yoxlamaya yalnız əsaslı şübhə olduqda və əsaslandırılmış qərar əsasında yol verilməsi, habelə mütənasiblik, sənədləşdirmə, videoçəkiliş və şikayət təminatlarının müəyyən edilməsi gömrük nəzarətinin şəffaf və hüquqa uyğun həyata keçirilməsini təmin edir.
Sahibkarların maliyyə maraqlarının qorunması
Sahibkarların maliyyə maraqları baxımından mühüm yeniliklərdən biri artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılması müddətinin bir ildən üç ilədək artırılmasıdır. Bununla gömrük borcunun dövlət büdcəsinə alınması və artıq ödənilmiş məbləğlərin geri qaytarılması üçün nəzərdə tutulan müddətlər uzlaşdırılır, sahibkarların maliyyə maraqlarının müdafiəsi üçün daha əlverişli hüquqi imkan yaradılır.
Məcəllədə müəyyən xüsusi gömrük prosedurları üzrə əvvəl ödənilmiş gömrük rüsumları və vergilərinin sonradan yaranan gömrük borcu hesablanarkən nəzərə alınması müəyyən edilir. Bu, eyni mallar üzrə ödənilmiş məbləğlərin təkrar maliyyə yükü yaratmasının qarşısını alır. Tranzit zamanı təminat məbləğinin yarana biləcək gömrük borcuna və ya riskin qiymətləndirilməsinə uyğun müəyyən edilməsi isə sahibkarın maliyyə vəsaitlərinin əsassız olaraq dövriyyədən çıxarılmasını məhdudlaşdırır.
Xüsusi gömrük prosedurlarının Avropa İttifaqının Gömrük Məcəlləsi və beynəlxalq təcrübə əsasında yenidən sistemləşdirilməsi onların tətbiq dairəsini aydınlaşdırır, biznes üçün hüquqi müəyyənliyi və fəaliyyətin əvvəlcədən planlaşdırılması imkanlarını artırır.
Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəyə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mühüm tranzit üstünlüyü qazandırır. Bu potensialın reallaşdırılması müasir infrastrukturla yanaşı, yüklərin sürətli və sadələşdirilmiş qaydada daşınmasını təmin edən hüquqi mexanizmlərdən də asılıdır.
Beynəlxalq gömrük alətlərinə inteqrasiya və rəqəmsal gömrük sisteminin inkişafı
Məcəlləyə bu istiqamətdə edilmiş dəyişikliklər multimodal daşımalar zamanı bir gömrük bəyannaməsindən istifadəni, vahid elektron sənəd və təminat mexanizmlərinin tətbiqini, habelə Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə inteqrasiyanı nəzərdə tutur. Bu yeniliklər təkrar gömrük əməliyyatlarını azaltmaqla tranzit daşımalarının sürətini və fasiləsizliyini artırır, Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində etibarlı logistika mərkəzi kimi mövqeyini möhkəmləndirir.
Yeni tənzimləmələrlə gömrük sənədlərinin elektron təqdimatı, xarici dövlətlərin gömrük orqanları ilə elektron məlumat mübadiləsi, reyestrlərin rəqəmsal qaydada aparılması, qərar və bildirişlərin elektron göndərilməsi daha geniş tətbiq olunur. Burada rəqəmsallaşma yalnız kağız sənədlərin elektron formaya keçirilməsi deyil, məlumatların sistemli emalına, risklərin avtomatlaşdırılmış təhlilinə və qərarların izlənilə bilməsinə əsaslanan idarəetmə modelidir. Bu yanaşma prosedurları sürətləndirir, birbaşa təması və subyektiv müdaxilə imkanlarını azaldaraq gömrük əməliyyatlarının şəffaflığını artırır.
İslahat paketi biznes üçün nəzərdə tutulan sadələşdirmələrlə yanaşı, gömrük sisteminin hüquqi və institusional əsaslarını dəqiqləşdirən dəyişiklikləri də əhatə edir. Gömrük anlayışları dəqiqləşdirilir, gömrük sisteminə daxil olan qurumların hüquqi statusu konkretləşdirilir, ekspertiza, əqli mülkiyyət hüquqlarının qorunması və məlumatların mühafizəsi üzrə tənzimləmə təkmilləşdirilir.
Yeni tənzimləmələr beynəlxalq standartlara əsaslanan müasir gömrük mexanizmlərinin milli hüquq sisteminə uyğunlaşdırılmasını ehtiva edir. Anlayışların və səlahiyyətlərin dəqiq müəyyənləşdirilməsi normaların fərqli şərh və tətbiqini məhdudlaşdırır, əsassız əlavə sənəd tələblərinin və hüquqi mübahisələrin qarşısını alır, sahibkarlar üçün vahid və proqnozlaşdırılan gömrük mühiti formalaşdırır.
Nəticə etibarilə, yeni gömrük tənzimlənməsi gömrük işi sahəsində vahid dövlət siyasətinin müasir ticarətin asanlaşdırılması prinsipləri əsasında formalaşdırılmasını nəzərdə tutur. Elektron məlumat mübadiləsinin genişləndirilməsi, risk səviyyəsinə uyğun hədəfli nəzarət, malların buraxılışından sonrakı audit və etibarlı tərəfdaşlıq mexanizmləri gömrük-biznes münasibətlərinin yeni modelini formalaşdırır. Bu yanaşma yalnız gömrük sisteminin yenilənməsini deyil, həm də Azərbaycanın ixrac və tranzit imkanlarının, habelə qeyri-neft sektorunun rəqabət qabiliyyətinin artırılmasını hədəfləyir.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi