Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Gömrükdə rəqəmsal transformasiya” mövzusunda regional seminar keçirilib

“Gömrükdə rəqəmsal transformasiya” mövzusunda regional seminar keçirilib

Türkmənistanın Aşqabad şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Aşqabad Regional Təlim Mərkəzinin təşəbbüsü və UGT-nin Potensialın Gücləndirməsi Avropa Regional Ofisinin təşkilatçılığı ilə “Gömrükdə rəqəmsal transformasiya: məlumatların inteqrasiyası, risklərin idarə edilməsi sistemləri və təhlil və avtomatlaşdırmada süni intellektdən istifadə” mövzusunda regional seminar keçirilib.

Hibrid formatda təşkil olunan seminarda Türkmənistan Dövlət Gömrük Xidmətinin, ÜGT Katibliyinin, ÜGT-nin Avropa Regionu üzrə Potensialın Gücləndirilməsi Ofisinin, ÜGT-nin regional təlim mərkəzlərinin, eləcə də müxtəlif ölkələrin gömrük administrasiyalarının nümayəndələri iştirak ediblər.

Tədbirdə gömrükdə rəqəmsal transformasiyanın inkişafı, məlumatların inteqrasiyası, risklərin idarə edilməsi sistemlərinin təkmilləşdirilməsi, yeni texnologiyaların məsuliyyətli tətbiqi və süni intellektdən istifadə imkanları müzakirə olunub.

Seminar çərçivəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Riskləri İdarəsinin rəisi Yusif Usubov tərəfindən gömrük risklərinin idarə edilməsində süni intellektin tətbiqinə dair üç tematik təqdimat keçirilib. Təqdimatlarda risklərin qiymətləndirilməsində maşın öyrənməsinin tətbiqi, proqnozlaşdırıcı analitika, məlumatların keyfiyyəti, habelə süni intellekt həllərinin gömrük qərarvermə prosesinə inteqrasiyası məsələləri diqqətə çatdırılıb.

Tədbirin sonunda iştirakçılar arasında rəqəmsal transformasiya, risklərin idarə edilməsi və süni intellekt sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi, regional əməkdaşlığın inkişaf etdirilməsi və gələcək birgə təşəbbüslərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

14 Sentyabr 2026 16:15
195