Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Türkiyə Respublikası Ticarət Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib

Türkiyə Respublikası Ticarət Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib

Sentyabrın 16-da Dövlət Gömrük Komitəsində ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Ticarət Nazirliyinin Tranzit İdarəsinin rəisi Serkan Ayyıldızın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşün əsas məqsədi Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulma prosesində Azərbaycan və Türkiyə təcrübəsini müqayisəli şəkildə təhlil etmək, gələcək prioritetləri müəyyənləşdirmək və qardaş ölkənin dəstəyindən faydalanmaqdır.

Tədbirdə iki ölkənin gömrük orqanları arasındakı səmərəli əməkdaşlıq münasibətlərindən məmnunluqla bəhs olunub, həmçinin Azərbaycanın Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulması proseslərinin sürətləndirilməsi istiqamətində Türkiyə ilə təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyəti qeyd edilib.

Sonra görüşdə “Azərbaycan Respublikasının Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə qoşulması istiqamətində keçdiyi yol” mövzusunda təqdimat nümayiş etdirilib, tərəflər arasında mövcud vəziyyət və prioritetlər üzrə birgə müzakirələr aparılıb.

Qonaqlar, eyni zamanda Ümumi Tranzit Konvensiyası baxımından Azərbaycanın hüquqi və prosedur çərçivəsi ilə yaxından tanış olublar. Gömrük əməkdaşları tərəfindən Gömrük Məcəlləsi və aidiyyəti normativ-hüquqi aktlar, o cümlədən son dəyişikliklər təqdim edilib, eləcə də tranzit prosedurlarının mövcud hüquqi modeli və Konvensiyanın tələbləri ilə əlaqəsi geniş izah olunub.

Həmçinin qonaqlar Dövlət Gömrük Komitəsinin “Hədəf və Koordinasiya Mərkəzi”nin fəaliyyəti ilə tanış olublar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

16 Sentyabr 2026 17:40
195