Gömrük əməkdaşları üçün təlim keçirilib
Gömrük əməkdaşları üçün təlim keçirilib
Sentyabrın 17-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Qeyri-qida istehlak mallarına dair təhlükəsizlik tələbləri və idxal nəzarəti mexanizmi” və “Təhlükəli tullantıların və ozondağıdıcı maddələrin eyniləşdirilməsi” mövzularında təlim keçirilib.
Dövlət Gömrük Komitəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə reallaşan təlimdə ərazi və ixtisaslaşmış gömrük orqanlarının əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edənlər “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunun icrasından irəli gələn və bu istiqamətdə gömrük orqanları qarşısında duran gələcək vəzifələrə, eləcə də qeyri-qida məhsullarının tənzimlənməsi ilə bağlı görülən işlərə toxunublar. Həmçinin gömrük əməkdaşlarının texniki reqlamentlər və istinad edilən standartlar qəbul edilmiş idxal olunan mallara dair uyğunluq sertifikatlarının, uyğunluq bəyannaməsinin, tanınmış xarici mənşəli uyğunluq sənədlərinin mövcudluğunun gömrük nəzarəti və rəsmiləşdirilməsinin həyata keçirilməsi zamanı yoxlanılması, eləcə də müəyyən edilən yeni tələblərin tətbiqi barədə məlumatlı olmalarının vacibliyini qeyd edərək təlimin bu sahədə bilik və bacarıqların artırılması baxımından əhəmiyyətini vurğulayıblar.
Daha sonra hər iki qurumun əməkdaşları tərəfindən “Qeyri-qida istehlak mallarına dair təhlükəsizlik tələbləri və idxal nəzarəti mexanizmi”, “Təhlükəli tullantıların eyniləşdirilməsinə dair standart prosedurlar” və “Ozondağıdıcı maddələrin eyniləşdirilməsinə dair standart prosedurlar” mövzularında təqdimatlar nümayiş etdirilib. İştirakçılara texniki tənzimləmə, normativ hüquqi baza, texniki tənzimləmənin şamil olunduğu malların siyahısı, Komitə və Agentlik arasında qeyri-qida istehlak mallarının idxalı ilə bağlı məlumat mübadiləsi prosesi və digər məsələlər barədə ətraflı məlumat verilib.
Təlimin sonunda mövzular ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi