Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib
Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib
Dövlət Gömrük Komitəsində 27 Sentyabr – Anım Gününə həsr olunmuş dəyirmi masa təşkil edilib.
Tədbirdə şəhid gömrük əməkdaşı Ülvi Hacıyevin valideynləri, Dövlət Gömrük Komitəsinin Vətən müharibəsində iştirak edən əməkdaşları, Müdafiə Nazirliyinin nümayəndəsi, Komitə rəhbərliyi və kollektivi, DGK yanında İctimai Şuranın üzvləri iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 44 günlük Vətən müharibəsinin şanlı Qələbə yolunu və qəhrəmanlıq salnaməsini əks etdirən sənədli videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qazandığı tarixi qələbədən söz açıblar. Qeyd olunub ki, 30 illik işğala son qoyan bu şanlı Zəfər şəhidlərimizin və qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində əldə edilib, xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılıb. Onların uğrunda can verdiyi Vətən bu gün azaddır, bütövdür və suverenliyini tam bərpa etmiş qüdrətli Azərbaycandır. Vurğulanıb ki, şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, onların bizə miras qoyduğu Vətən sevgisi və Zəfər ruhu nəsildən-nəslə ötürüləcək.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi