Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Azərbaycan və Yunanıstan gömrük xidmətləri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycan və Yunanıstan gömrük xidmətləri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Yunanıstan Respublikasının Afina şəhərində Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclası çərçivəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Yunanıstan Respublikasının Gömrük Administrasiyasının nümayəndə heyətləri arasında görüş keçirilib.

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev və Yunanıstan Respublikası Müstəqil Dövlət Gəlirləri Qurumunun Gömrük və Aksizlər üzrə Baş Direktorluğunun rəhbəri Dimitrios Bourikosun rəhbərlik etdikləri nümayəndə heyətlərinin görüşündə qabaqcıl təcrübələrin bölüşdürülməsi, əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Görüşdə Yunanıstan gömrük sistemində son dövrlərdə həyata keçirilən təkmilləşdirilmələr, rəqəmsallaşmanın genişləndirilməsi, müasir texnologiyalardan istifadə etməklə risk və məlumat əsaslı gömrük idarəetmə modelinin formalaşdırılması, bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verilib. Bu baxımdan Azərbaycan Gömrük Xidmətinin gömrük prosedurlarının müddətinin ölçülməsi və təhlili (TRS) sahəsində təcrübəsinin Yunanıstan tərəfi üçün maraq kəsb etdiyi, bu istiqamətdə təcrübə mübadiləsinin faydalı ola biləcəyi vurğulanıb.

Həmçinin Azərbaycan tərəfinin TRS təcrübəsi, kinoloji xidmətin təşkili və inkişafı, Ümumdünya Gömrük Təşkilatı çərçivəsində həyata keçirilən əməkdaşlıq, eləcə də potensialın gücləndirilməsi sahəsində görülən işlər barədə məlumat verilib.

Bundan başqa görüşdə hər iki ölkənin gömrük akademiyaları arasında əlaqələrin qurulması, səlahiyyətli iqtisadi operatorlarla bağlı təcrübə mübadiləsinin genişləndirilməsi, prioritet sahələr üzrə ekspertlərdən ibarət işçi qruplarının yaradılması, ikitərəfli gömrük əməkdaşlığının əsas istiqamətlərini və konkret tədbirləri əhatə edən birgə Fəaliyyət Planının hazırlanması istiqamətlərində müzakirələr aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

2 Oktyabr 2026 11:11
195