Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin təşəbbüsü ilə silsilə tədbirlər keçirilib
Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin təşəbbüsü ilə silsilə tədbirlər keçirilib
7 Oktyabr - Ümumdünya Layiqli Əmək Günü münasibətilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin struktur bölmələrinin İlk Həmkarlar İttifaqları Təşkilatlarında əmək hüquqlarının qorunması, işçilərin sosial rifahının dəstəklənməsi, əməyin təhlükəsizliyi və iş mühitində qarşılıqlı hörmət prinsiplərinin təşviqinə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Tədbirlər Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin təşəbbüsü ilə “Layiqli əmək - insan əməyinə verilən dəyər” ideyasının gömrük sistemində daha geniş şəkildə təbliği məqsədilə təşkil olunub.
Silsilə tədbirlər zamanı layiqli əməyin xüsusiyyətlərindən, gömrük sistemində bu istiqamətdə atılan addımlardan bəhs edilib, müasir gömrük xidmətinin infrastruktur, modern texnologiyalarla yanaşı, əməyinə dəyər verildiyini hiss edən, hüquqları qorunan, sosial baxımdan dəstəklənən əməkdaşlarla formalaşdığı vurğulanıb.
Qeyd olunub ki, müasir həmkarlar ittifaqı əməkdaşın səsini eşidən, onun ehtiyaclarını əvvəlcədən müəyyənləşdirən, sosial rifahını və əmək təhlükəsizliyini gündəmdə saxlayan, işçi ilə rəhbərlik arasında sağlam dialoqu təşviq edən etibarlı sosial tərəfdaş olmalıdır.
Keçirilən tədbirlərdə bu yanaşmanın əsas istiqamətləri kimi əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi və təhlükəsizliyi, sosial təminat, istirahət və sağlam həyat şəraitinin dəstəklənməsi, ailələrə və uşaqlara yönəlmiş sosial layihələr, gənclərin və qadınların həmkarlar ittifaqı fəaliyyətində iştirakının artırılması, əməkdaşların peşəkar və şəxsi inkişafına dəstək məsələləri diqqət mərkəzində olub.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi