Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Türk Dövlətləri Təşkilatının Gömrük Xidməti Rəhbərlərinin iclası keçirilib

Türk Dövlətləri Təşkilatının Gömrük Xidməti Rəhbərlərinin iclası keçirilib

Oktyabrın 12-də Qırğız Respublikasının Bişkek şəhərində Türk Dövlətləri Təşkilatının Gömrük Xidməti Rəhbərlərinin XII iclası keçirilib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan gömrük xidmətləri rəhbərlərinin qatıldığı iclasda Türk Dövlətləri Təşkilatının və Ümumdünya Gömrük Təşkilatının baş katibləri, həmçinin Türkmənistan gömrük xidmətinin, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının nümayəndələri də iştirak ediblər.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov iclasda çıxış edərək TDT çərçivəsində gömrük əməkdaşlığının daha da inkişaf etdirilməsinin, ticarət və nəqliyyat əlaqələrinin asanlaşdırılmasının, rəqəmsal gömrük həllərinin tətbiqinin və elektron məlumat mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Daha sonra gündəlikdəki məsələlər - TDT Gömrük Xidməti Rəhbərlərinin XI iclasında qəbul edilmiş qərarların icrası, üzv dövlətlərin hökumətləri arasında Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması haqqında Sazişin icrasının sürətləndirilməsi, elektron məlumat mübadiləsinin genişləndirilməsi, gömrük prosedurlarının rəqəmsallaşdırılması, gömrük risklərinin idarə edilməsi və gömrük laboratoriyaları sahələrində əməkdaşlıq, həmçinin TDT-yə üzv dövlətlərinin gömrük xidmətləri arasında gömrük əməkdaşlığı üzrə 2027-2031-ci illər üçün Fəaliyyət Planının (“Yol Xəritəsi”) hazırlanması ilə bağlı müzakirələr aparılıb.  

Yekunda Türk Dövlətləri Təşkilatının Gömrük İdarələri Rəhbərlərinin XII iclasının Protokolu imzalanıb.

İmzalanma mərasimindən sonra Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan Respublikasının TDT ilə əməkdaşlığının inkişaf etdirilməsi, üzv dövlətlərin gömrük xidmətləri arasında əməkdaşlığın və həmrəyliyin möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərə və verdiyi mühüm töhfələrə görə Dövlət Gömrük Komitəsi tərəfindən “Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə” döş nişanı ilə təltif edilib.

Eyni zamanda, Türk Dövlətləri Təşkilatının Gömrük Xidməti Rəhbərlərinin növbəti İclasının 2027-ci ildə Türkiyədə keçirilməsi qərara alınıb.

İclas çərçivəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsi arasında ikitərəfli görüş keçirilib, kinoloji sahədə təcrübə mübadiləsi və əməkdaşlıq haqqında Memorandumun 2026-2027-ci illər üzrə həyata keçirilməsi üzrə qarşılıqlı Fəaliyyət Planı imzalanıb.

Oktyabrın 12-də “Rəqəmsal transformasiya mühitində gömrük xidmətlərinin inkişafı” mövzusunda yüksək səviyyəli Beynəlxalq Forum da keçirilib. Forumda TDT-yə üzv dövlətlərin gömrük xidməti rəhbərləri iştirak edib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

12 Oktyabr 2026 14:47
195