İqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası keçirilib
İqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası keçirilib
Oktyabrın 30-da Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclası keçirilib.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin sədrliyi ilə keçirilən iclasda iki ölkə arasında ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat-tranzit, kənd təsərrüfatı, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
İclas çərçivəsində ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və Gürcüstanın maliyyə nazirinin müavini, Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri Mamuka Barataşvili “İpək Yolu - Abreşumis Qza” birgə beynəlxalq avtomobil buraxılış məntəqəsinin praktik fəaliyyətinə dair Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Protokolu imzalayıblar.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Agentliyinin rəhbəri Giorgi Yakobaşvili Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Agentliyi arasında bitki karantini və bitki mühafizəsi, eləcə də baytarlıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumlarını imzalayıblar.