DGKA tələbələri kibertəhlükəsizlik yarışının qalibi olublar
DGKA tələbələri kibertəhlükəsizlik yarışının qalibi olublar
Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) tələbələri “Rəqəmsal İstedadlar” layihəsi çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən təşkil olunan “Digital Challenge Azerbaijan” kibertəhlükəsizlik yarışının qalibi olublar.
Proqramlaşdırma və kibertəhlükəsizlik sahələrində gənclərin bilik və praktiki bacarıqlarının qiymətləndirilməsi, rəqəmsal sahədə istedadlı mütəxəssislərin üzə çıxarılması məqsədilə təşkil olunan yarışda 10 komanda üzrə 30 nəfər iştirak edib.
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi və Technion Texnologiya İnstitutunun əməkdaşlığı ilə ingilis dilində və komanda formatında təşkil olunan kibertəhlükəsizlik yarışı üç mərhələdən ibarət olub. İlkin seçim mərhələsində iştirakçılar CTF (Capture The Flag) formatında texniki biliklərini sınayıblar. Final mərhələsi isə “Hackathon” və ölkəmizdə ilk dəfə tətbiq olunan “Cyber War” formatından ibarət olub.
Ali təhsil müəssisələrinin tələbələri ilə yanaşı, dövlət və özəl sektorlarda çalışan peşəkar İT mütəxəssislərinin də qatıldığı yarışda Akademiyanın “İnformasiya təhlükəsizliyi” ixtisasının IV kurs tələbələri Mobil Mərdi və Fəxrəddin Məşədizadə “Cyderman” komandasının tərkibində inamlı mübarizə apararaq I yerə layiq görülüblər.
Yarışın yekununda qalib komandaların üzvləri “İKT Karyera Sərgisi 2026” çərçivəsində mükafatlandırılıblar.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi