Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Tranzit Nəqliyyat Koordinasiya Şurasının Gömrük Tranzit Komitəsinin iclası keçirilib

Tranzit Nəqliyyat Koordinasiya Şurasının Gömrük Tranzit Komitəsinin iclası keçirilib

İyulun 19-da Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Tranzit Nəqliyyat Koordinasiya Şurasının Gömrük Tranzit Komitəsinin 8-ci iclası keçirilib.

İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız, Türkmənistan, Pakistan,Tacikistan, İran gömrük xidmətlərinin nümayəndələri iştirak edib.

Tədbirin açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, İƏT-in Baş katibinin müavini Sayed Mohsen Esperi regional tranzitin inkişafı, yükdaşımaların həcminin artırılmasının əhəmiyyətindən, bu istiqamətdə əməkdaşlığın gücləndirilməsinin vacibliyindən bəhs ediblər.

O da vurğulanıb ki, tranzit əməliyyatları rəqəmsallaşdırılmalı, gömrük prosedurları sadələşdirilməklə gömrük nəzarəti və sərhədkeçmə proseslərinə sərf olunan vaxt minimuma endirilməlidir.

Daha sonra İƏT-in Tranzit Nəqliyyat Koordinasiya Şurasının Gömrük Tranzit Komitəsinin 7-ci iclasından sonra görülən işlərlə bağlı nümayəndə heyətlərinin çıxışları dinlənilib.

Həmçinin iclasda gömrük sahəsində görülən işlər-tranzit daşımaların sürətləndirilməsi, eTİR layihəsinin tətbiqinin genişləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, dövlət - özəl sektor əməkdaşlığının genişləndirilməsi və digər məsələlərlə bağlı  müzakirələr aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

19 İyul 2023 16:38
195