Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

İqtisadi Əməkdaşlıq Təşkilatının Gömrük Xidmətləri Rəhbərləri Şurasının 9-cu iclası keçirilib

İqtisadi Əməkdaşlıq Təşkilatının Gömrük Xidmətləri Rəhbərləri Şurasının 9-cu iclası keçirilib

İyulun 20-də  Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT)  Gömrük Xidmətləri Rəhbərləri Şurasının 9-cu iclası öz işinə başlayıb.

Hibrit formatda keçirilən iclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız, Türkmənistan, Pakistan,Tacikistan, İran gömrük xidmətlərinin nümayəndələri iştirak edir.

Nümayəndə heyətləri görüşdən əvvəl Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Şəhidlər xiyabanını da ziyarət edən qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsini anıb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

Tədbirin açılışında çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov regional əməkdaşlığın və tranzitin inkişaf etdirilməsində İƏT-in rolundan bəhs edib.  Qeyd olunub ki, ölkəmizin Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzərindəki strateji mövqeyi nəzərə alınmaqla Prezident İlham Əliyevin rəhbərliyi ilə nəqliyyat və logistika sahəsində həyata keçirilən irimiqyaslı layihələr beynəlxalq ticarətin və tranzitin inkişafına münbit şərait yaradıb.

Bildirilib ki, İƏT çərçivəsində gömrük xidmətləri arasında işgüzar əlaqələrin inkişafı region ölkələri üçün də yeni iqtisadi imkanlar yaradacaq.

İƏT-in Baş katibinin müavini Sayed Mohsen Esperi təşkilata üzv olan ölkələr arasında gömrük sahəsində əməkdaşlığın gücləndirilməsinin prosedurların rəqəmsallaşdırılması və asanlaşdırılmasına, sərhədkeçmə proseslərinin sürətləndirilməsinə imkan yaradacağını diqqətə çatdırıb. Həmçinin hüquqpozmalara qarşı mübarizə, qabaqcıl bilik və təcrübələrin paylaşılması, potensialın gücləndirilməsi istiqamətində də mühüm nailiyyətlərin əldə olunacağı bildirilib.

Sonra Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun sədrlik etdiyi iclasın gündəliyi qəbul edilib və müzakirələr aparılıb. Əvvəl İƏT  Gömrük xidmətləri rəhbərləri Şurasının 8-ci iclasında qəbul edilən qərarlar müzakirə olunub, hesabatlar dinlənilib.

Daha sonra “Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına dair İqtisadi Əməkdaşlıq Təşkilatının məlumat bazası Sazişi”, “Gömrük işi sahəsində qarşılıqlı inzibati yardım haqqında Saziş”, “İƏT və ÜGT arasında Memorandum layihəsi və İƏT Fəaliyyət Planı”, “İƏT Regionunda Elektron Məlumat Mübadiləsi”, “İƏT Regionunda Gömrük məsələlərində potensialın gücləndirilməsi” ilə bağlı məsələlər müzakirə olunub.

 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

20 İyul 2023 16:37
195