Səudiyyə Ərəbistanı Krallığının Zəkat, Vergi və Gömrük Xidmətinin rəhbəri ilə görüş keçirilib
Səudiyyə Ərəbistanı Krallığının Zəkat, Vergi və Gömrük Xidmətinin rəhbəri ilə görüş keçirilib
Avqustun 1-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov və Səudiyyə Ərəbistanı Krallığının Zəkat, Vergi və Gömrük Xidmətinin rəhbəri Suhail bin Muhammed Abanminin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə iki ölkənin gömrük xidmətləri arasındakı yaranan əməkdaşlıqdan məmnunluqla bəhs edilib, mövcud əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
Həmçinin son dövrlərdə Azərbaycan gömrük xidməti tərəfindən həyata keçirilən təkmilləşdirilmələr, yeniliklər barədə məlumat verilib, eləcə də Dövlət Gömrük Komitəsinin əməkdaşları risklərin idarəolunması, rəqəmsal ekosistemlər və təşəbbüslər mövzularında təqdimatlarla çıxış edib, qonaqları maraqlandıran sualları cavablandırıblar.
Görüşdə risklərin idarəolunması, elektron ticarət, hüquqpozmalar, gömrük sistemində süni intellektin tətbiqi ilə bağlı müzakirələr aparılıb, hər iki ölkənin gömrük orqanlarının əldə etdiyi təcrübələrin öyrənilməsi və paylaşılması məqsədilə işçi qrupların yaradılması qərara alınıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi