Saxta avtomobil ehtiyat hissələrinin müəyyənləşdirilməsi ilə bağlı təlim keçirilib
Saxta avtomobil ehtiyat hissələrinin müəyyənləşdirilməsi ilə bağlı təlim keçirilib
Avqustun 23-də Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün "Hyundai" və "Kia" brendlərinə məxsus saxta avtomobil ehtiyat hissələrinin müəyyənləşdirilməsi və Azərbaycan Respublikasına gətirilməsinin qarşısının alınması mövzusunda təlim keçirilib.
“Auto Azərbaycan” MMC tərəfindən təşkil edilən təlimin məqsədi sözügedən brendlərə məxsus ehtiyat hissələrinin xüsusiyyətləri barədə gömrük əməkdaşlarının məlumatlandırılması, bilik və bacarıqlarının artırılmasıdır.
Dövlət Gömrük Komitəsinin müxtəlif struktur bölmələrinin, ərazi və ixtisaslaşmış gömrük idarələrinin 15-ə qədər əməkdaşının iştirak etdiyi təlimdə şirkətin ekspertləri tərəfindən orijinal və saxta hissələri fərqləndirmək, saxta məhsulu müəyyən etmək üçün hazırlanan yeni mobil proqram barədə təqdimat nümayiş etdirilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və sertifikatlar təqdim olunub.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi