Mərkəzi Gömrük Hospitalı Tərtərdə şəhid və qazi ailələrinin üzvləri üçün tibbi sosial aksiya keçirir
Mərkəzi Gömrük Hospitalı Tərtərdə şəhid və qazi ailələrinin üzvləri üçün tibbi sosial aksiya keçirir
Avqustun 25-də Tərtər Rayon Mərkəzi Xəstəxanasında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının təşkilatçılığı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ümummili Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə qazi və şəhid ailələrinin üzvləri üçün sosial tibbi aksiya keçirilib.
Aksiya çərçivəsində 200-ə yaxın qazi və şəhid ailəsi üzvlərinin müayinəsi həyata keçiriləcək. Onların müayinəsi və müalicəsi üçün müasir tibbi avadanlıqlarla təchiz olunmuş mobil hospital və geniş çeşiddə dərmanlardan istifadə ediləcək. Bu məqsədlə Mərkəzi Gömrük Hospitalının USM, EKQ, EXO müayinələri, o cümlədən kardioloq, terapevt, uroloq, psixiatr, pediatr, nevroloq, mama ginekoloq, endokrinoloq, fizioterapevtdən ibarət 20 nəfərdən artıq tibb heyəti Tərtər rayonuna ezam olunub.
Qeyd edək ki, tibbi sosial aksiya avqustun 26-da Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndində davam edəcək.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi