Mərkəzi Gömrük Hospitalı işğaldan azad olunmuş Talış kəndinin sakinləri üçün tibbi sosial aksiya keçirib
Mərkəzi Gömrük Hospitalı işğaldan azad olunmuş Talış kəndinin sakinləri üçün tibbi sosial aksiya keçirib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin dəstəyi ilə Tərtər rayonunun işğaldan azad olunmuş Talış kəndində tibbi-sosial xeyriyyə aksiyası keçirilib.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov bildirib ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi tərəfindən işğaldan azad olunmuş ərazilərdə əhalinin zəruri tibbi xidmətlərlə təminatına dəstək məqsədilə ən yüksək texnologiyalar əsasında onların mütəmadi olaraq müayinələrinin həyata keçirilməsi nəzərdə tutulub.
Tibbi aksiyada Mərkəzi Gömrük Hospitalının kardioloq, terapevt, uroloq, psixiatr, pediatr, nevroloq, mama ginekoloq, endokrinoloq, fizioterapevtdən ibarət 20 nəfərdən çox yüksəkixtisaslı tibb heyəti Talış sakinlərini USM, EKQ, EXO da daxil olmaqla tibbi müayinələrdən keçiriblər. Tibbi aksiyada iştirak edən sakinlər dərman vasitələri ilə də təmin ediliblər.
Həmçinin, aksiya çərçivəsində aktual mövzular olan ilan sancması və zədələnmələr zamanı ilk tibbi yardımın göstərilməsi kimi maarifləndirici təlimlər də keçirilib.
Qeyd edək ki, müayinə olunan sakinlər arasında Talış kəndində 30 ildən sonra ilk dünyaya gələn körpə Zəhra Camalzadə də olub.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi