Sumqayıt Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib
Sumqayıt Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib
Sentyabrın 1-də Sumqayıt Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.
Görüş gömrük sistemində tətbiq edilən yeniliklərlə bağlı sahibkarların məlumatlandırılması, gömrük-biznes, gömrük-vətəndaş münasibətlərində qarşılıqlı etimadın gücləndirilməsi, onların təklif və rəylərinin dinlənilməsi məqsədilə təşkil olunub.
Tədbirdə Dövlət Gömrük Komitəsinin son dövrlərdə apardığı təkmilləşdirilmələr, gömrük xidmətinin strateji hədəfləri, eyni zamanda həyata keçirilmiş və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verilib.
Həmçinin, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən gömrük ərazisinə gətirilən mallara münasibətdə istehlakçıların hüquqlarının və əhalinin sağlamlığının müdafiəsi, əqli mülkiyyət hüquqlarının qorunması, habelə pirat və ya kontrafakt məhsulların idxalının (ixracının) qarşısının alınması məqsədilə gömrük orqanları tərəfindən Gömrük Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi çərçivəsində şəxslərin müraciətlərinə əsasən tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrinin aparılmasına dair məlumatlar da biznes subyektlərinin diqqətinə çatdırılıb.
Görüş zamanı Sumqayıt Gömrük İdarəsinin əməkdaşlarından və biznes subyektlərinin nümayəndələrindən ibarət yaradılmış İctimai Şuraya sahibkarlardan ibarət daha 5 nəfər üzv qəbul olunub, beləliklə üzvlərin sayı 12 nəfərə çatıb.
Sonda sahibkarların təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi