Təkmilləşdirilmiş tranzit sistemi və ümumi məlumat mübadiləsinə dair iclas keçirilir
Təkmilləşdirilmiş tranzit sistemi və ümumi məlumat mübadiləsinə dair iclas keçirilir
Oktyabrın 3-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Asiya İnkişaf Bankının dəstəyi ilə reallaşdırılan Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) Təkmilləşdirilmiş Tranzit Sisteminin və Ümumi Məlumat Mübadiləsinin sınaq mərhələsinə dair iclas öz işinə başlayıb. Tədbirdə Azərbaycan, Özbəkistan və Gürcüstan gömrük xidmətlərinin, həmçinin Asiya İnkişaf Bankının səlahiyyətli nümayəndələri, ekspertləri iştirak edir.
İclasın məqsədi beynəlxalq ticarətin inkişafı üçün əlverişli şəraitin yaradılması, malların dövlət sərhədlərindən keçirilməsini sürətləndirməsi məqsədilə tranzit prosedurlarının sadələşdirilməsidir.
Tədbirdə iştirakçı ölkələrin beynəlxalq ticarət dəhlizlərinin üzərində yerləşdiyi, bu baxımdan gömrük orqanları arasında beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsinin, tranzitin sadələşdirilməsi və təkmilləşdirilməsinin mühüm əhəmiyyət daşıdığı vurğulanıb. O da qeyd olunub ki, cari ilin mart ayında Bakıda Orta dəhliz üzərində yerləşən ölkələrin gömrük xidmətləri rəhbərləri arasında tranzitin sadələşdirilməsi, gömrük əməliyyatlarının kağızsız texnologiyalar əsasında elektron mühitdə həyata keçirilməsi ilə bağlı səmərəli müzakirələr aparılıb, həmçinin CAREC çərçivəsində qurulan əməkdaşlıq da bu sahəyə öz töhfəsini verəcək.
Daha sonra Mərkəzi və Qərbi Asiya Departamentinin Regional Əməkdaşlıq və İnteqrasiya Bölməsinin Regional Rəhbəri Lyaziza Sabyrovanın videomüraciəti izlənilib, həmçinin ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Antonio Lo Parco çıxış edərək tədbirin, beynəxalq ticarətin inkişafında tranzitin sadələşdirilməsinin əhəmiyyətindən bəhs edib.
Tədbir çərçivəsində Azərbaycan Respublikası, Gürcüstan və Özbəkistan Respublikasının gömrük orqanları arasında Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) Təkmilləşdirilmiş Tranzit Sisteminin və Ümumi Məlumat Mübadiləsinin sınaq mərhələsinin həyata keçirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, 3 gün davam edəcək tədbirdə effektiv tranzit rejimlərinin inkişafının əhəmiyyəti, CAREC regionunda ticarətin artırılması üçün tranzit potensialın gücləndirilməsi və digər mövzularda təqdimatlar keçiriləcək, müzakirələr aparılacaq.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi