Gömrük əməkdaşları üçün növbəti təlimlər keçirilib
Gömrük əməkdaşları üçün növbəti təlimlər keçirilib
Gömrük əməkdaşlarının potensialının gücləndirilməsi, bilik və bacarıqlarının artırılması məqsədilə növbəti təlimlər keçirilib. Gömrük hüquqpozmaları, gömrük dəyəri, gömrük nəzarəti ilə bağlı mövzuları əhatə edən təlimlər Dövlət Gömrük Komitəsinin mərkəzi aparatında, həmçinin Balakən Gənclər Evində keçirilib. Təlimlərdə Gəncə, Balakən, Tovuz, Biləsuvar, Astara, Sumqayıt və Xaçmaz gömrük idarələrinin, ümumilikdə 31 əməkdaşı iştirak edib.
Mərkəzi aparatda keçirilən təlimlərdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının aşkar edilməsi, gömrük hüquqpozmalarına qarşı mübarizədə müvafiq struktur bölmələri arasında kommunikasiyanın təşkili, ilkin sənədləşmə və təhqiqat işlərinin həyata keçirilməsi ilə bağlı iştirakçılara məlumat verilib.
Balakən Gənclər evində keçirilən təlimlər isə gömrük dəyərinin müəyyən edilməsi metodları, valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi, nəqliyyat vasitələrinin və konteynerlərin yoxlanılması zamanı diqqət edilməli məqamlar, qiymətli metallar, zinət əşyalarının müəyyən olunması, habelə milli-mədəni sərvətlər üzərində gömrük nəzarətinin təşkili və digər mövzuları əhatə edib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi