Xarici ticarət iştirakçıları ilə görüş keçirilib
Xarici ticarət iştirakçıları ilə görüş keçirilib
Naxçıvan Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzində xarici ticarət iştirakçıları ilə görüş keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlar və baş idarənin aidiyyəti strukturlarının şöbə və bölmə rəhbərləri iştirak edib.
Naxçıvan Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Bayramov Naxçıvan Muxtar Respublikasında gömrük işinin səmərəli təşkili, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində son dövrdə görülən işlər, tətbiq edilən yeni layihələr barədə məlumat verib. Vurğulanıb ki, şəffaflığın, məmnuniyyətin yüksəldilməsi, rəqəmsallığın genişləndirilməsi, büdcə daxilolmalarında dayanıqlılığın təmin edilməsi üçün güclü və güvənli hüquq-mühafizə tədbirlərinin həyata keçirilməsi əsas hədəflərdəndir.
İclasın gündəliyində duran əsas məsələlərdən olan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” və “Gömrük İNKİŞAF modeli” iclas iştirakçılarına ətraflı şərh edilib.
Baş İdarənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin çıxışları dinlənilib. Bildirilib ki, xarici ticarət iştirakçıları tərəfindən idxal-ixrac əməliyyatları zamanı qısa idxal bəyannaməsinin vaxtında və düzgün verilməməsi, həmçinin idxal olunan mallara dair gömrük bəyannaməsi ilə birgə tələb olunan müvafiq icazə sənədlərinin təqdim edilməməsi rast gəlinən və qanunvericilik cəhətdən çətinlik törədən problemlərdəndir.
Diskussiya şəraitində keçən görüşün sonunda sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətirilib, onların sualları ətraflı cavablandırılıb, verilən təkliflər dəyərləndirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi