MDB iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 77-ci iclası keçirilib
MDB iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 77-ci iclası keçirilib
Oktyabrın 12-də Tacikistan Respublikasının Düşənbə şəhərində MDB iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 77-ci iclası keçirilib.
Tədbirdə Azərbaycan, Rusiya Federasiyası, Belarus, Tacikistan, Qazaxıstan, Özbəkistan, gömrük xidmətlərinin nümayəndə heyətləri iştirak edib.
İclas çərçivəsində fiziki şəxslər tərəfindən malların hissələrə ayrılmış formada idxalı, daşımaları izləmək üçün naviqasiya plomblarından istifadə təcrübəsi, malların brutto çəkisi haqqında məlumatların gömrük bəyannamələrində göstərilməsi məsələlərinə dair yanaşmalar ilə bağlı müvafiq qərarlar qəbul edilib.
Tədbirdə MDB iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 2024-cü il üçün İş Planı təsdiq olunub. Həmçinin nəqliyyat və kommersiya sənədlərinə gömrük orqanlarının möhür və ştamplarının vurulması qaydası, ali təhsil və əlavə peşə təhsili proqramları üzrə kadrların hazırlanması, gömrük məqsədləri üzrə Ekspertiza və Tədqiqatlar Mərkəzi haqqında saziş, eləcə də mallarin tranzit daşınmasının sadələşdirilməsinə dair memorandum layihələri müzakirə edilib.
Növbəti 78-ci iclasın 2024-cü ilin 1-ci yarısında Özbəkistan Respublikasında keçirilməsinə dair qərar qəbul olunub.
İclasda ölkəmizi Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi