Balakən Gömrük İdarəsinin təşkilatçılığı ilə Şəkidə sahibkarlarla görüş keçirilib
Balakən Gömrük İdarəsinin təşkilatçılığı ilə Şəkidə sahibkarlarla görüş keçirilib
Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində xarici ticarət iştirakçıları ilə görüş keçirilib. Balakən Gömrük İdarəsinin təşkilatçılığı ilə keçirilən görüşdə gömrük sistemindəki yeniliklər barədə məlumat verilib, gömrük-biznes dialoqunun daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb, sahibkarların təklif və rəyləri dinlənilib.
Görüşdə bildirilib ki, Gömrük Xidmətinin Fəaliyyət Proqramındakı əsas hədəflərdən biri gömrük-biznes münasibətlərində qarşılıqlı etimad mühitinin yaradılması, könüllü riayət prinsipinin formalaşdırılmasıdır. Qeyd olunub ki, bu məqsədlə Ümumdünya Gömrük Təşkilatının tövsiyələri əsasında qabaqcıl təcrübələr öyrənilərək reallaşdırılır, qanunvericiliyə uyğun olaraq gömrük işinin bütün sahələrində tətbiq edilən yeniliklər, təkmilləşdirilmələr və layihələrlə bağlı xarici ticarət iştirakçıları ilə məsləhətləşmələr aparılır, onların təklif və rəyləri öyrənilir.
Həmçinin gömrük əməliyyatlarının asan, sürətli və şəffaf şəkildə həyata keçirilməsi məqsədilə tətbiqinə başlanılan və gələcəkdə reallaşdırılacaq yeni layihələr barədə məlumat verilib. Bundan başqa sahibkarlar əqli mülkiyyət hüquqlarının qorunması və kontrafakt mallarla bağlı qanunvericiliyin tələbləri haqqında məlumatlandırılıblar.
Görüşdə sahibkarların təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi