Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Şəhid gömrük əməkdaşı Ülvi Hacıyevin xatirəsi anılıb

Şəhid gömrük əməkdaşı Ülvi Hacıyevin xatirəsi anılıb

Oktyabrın 19-da Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gömrük əməkdaşı Ülvi Hacıyevin anım günü münasibətilə İkinci Şəhidlər xiyabanı ziyarət edilib.

Gömrükçülər Ülvi Hacıyevin məzarına gül dəstələri qoyub, ruhuna dualar oxuyub, şəhidin ailəsinə başsağlığı veriblər.

Həmçinin ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən bütün şəhidlərimizin əziz xatirəsi  dərin ehtiramla yad edilib.

Daha sonra gömrük əməkdaşları Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinin inzibati binasında Ülvi Hacıyevin büstünün qarşısına gələrək əklil qoyub, onun həyat yolundan söhbət açıb, şəhidin  xatirəsinin daim yaşadılacağını diqqətə çatdırıblar.

Şəhid Ülvi Hacıyevin xatirəsi xidmət etdiyi “Qırmızı körpü” gömrük postunda da anılıb. Şəhidin iş yoldaşları Ülvinin nümunəvi gömrük əməkdaşı olmaqla yanaşı, vətənpərvərliyi ilə də seçildiyini, fərqləndiyini bildirib, onun xatirəsini daim əziz tutacaqlarını vurğulayıblar.

Xatırladaq ki, Füzuli, Cəbrayıl, Xocavənd rayonları və Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən Ülvi Hacıyev oktyabrın 19-da Şuşa şəhəri yaxınlığındakı döyüşlər zamanı şəhid olub.

Qeyd edək ki, şəhid Ülvi Hacıyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

19 Oktyabr 2023 14:45
195