Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük Akademiyası tərəfindən Avropa Komissiyasına təqdim edilən layihə qalib olub

Gömrük Akademiyası tərəfindən Avropa Komissiyasına təqdim edilən layihə qalib olub

Avropa İttifaqının (Aİ) “Erasmus Mundus Dizayn Tədbirləri” proqramı çərçivəsində Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) tərəfindən Avropa Komissiyasına (AK) təqdim edilən layihə qrant mükafatına layiq görülüb.

Layihə öz ixtisas profilinə görə dünyada, kateqoriyasına görə isə Azərbaycanda ilkdir. Onun AK tərəfindən dəyərləndirilməsində əsas meyarlar tamamilə innovativ olması, Avropada və dünyada mövcud olmayan, yeni bir proqramın yaradılmasıdır.

“Mütərəqqi Avropa və beynəlxalq standartlara əsaslanan Beynəlxalq Ticarət, Gömrük, Logistika və Təchizat Zənciri üzrə qabaqcıl Magistr Dərəcə Proqramının yaradılması” adlı beynəlxalq layihənin müəllifi və meneceri, DGKA-nın beynəlxalq əməkdaşlıq və layihələr koordinatoru Elvin Mecidovdur.

Layihə həm də gömrük və əlaqədar sahələr üzrə dünyada ilk birgə, çoxölkəli, qlobal bir akademik dərəcə proqramının - 2 illik magistratura proqramının 15 ay ərzində DGKA-nın koordinatorluğu ilə digər 5 ölkənin -  Polşa, Litva, Ukrayna, Koreya və Çinin universitetləri və təlim mərkəzlərinin ekspertlərinin iştirakı ilə hazırlanmasını hədəfləyir.

Həmçinin Aİ, ÜGT, BMT və digər əlaqədar beynəlxalq qurumların standartları çərçivəsində magistr  proqramının hazırlanması  planlaşdırılır.

Həmin çərçivələr əsasında hazırlanacaq dərəcə proqramının Azərbaycan, xüsusilə, Aİ və ÜGT tərəfindən akkreditasiyasına və tanınmasına nail olmaq layihənin yekun hədəflərindən biridir.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

20 Oktyabr 2023 17:38
195