Sumqayıt Gömrük İdarəsində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Sumqayıt Gömrük İdarəsində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Sumqayıt Gömrük İdarəsində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirin açılışında Dövlət Himni səsləndirilib, daha sonra torpaqlarımızın müdafiəsi zamanı canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sumqayıt Gömrük İdarəsinin rəisi Tariyel Alverdiyev Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbədən danışıb. Qeyd olunub ki, mükəmməl strategiya və hərbi taktika ilə hazırlanan “Dəmir Yumruq” əməliyyatı, Azərbaycan Ordusunun və əsgərinin nümayiş etdirdiyi misilsiz qəhrəmanlıq dünya hərb tarixinə qızıl hərflərlə yazılıb.
Daha sonra Vətən müharibəsində rəşadətli ordumuzun 44 gün ərzində keçdiyi döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdən sonra şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları, Sumqayıt Gömrük İdarəsinin kollektivi Şəhidlər xiyabanını ziyarət ediblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi dərin ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi