Zəfər Günü münasibətilə tədbir keçirilib
Zəfər Günü münasibətilə tədbir keçirilib
Dövlət Gömrük Komitəsində 8 Noyabr Zəfər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdən əvvəl Dövlət Gömrük Komitəsinin rəhbərliyi və kollektivi İkinci Şəhidlər xiyabanını ziyarət ediblər. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri düzülüb.
Daha sonra Dövlət Gömrük Komitəsində 8 Noyabr Zəfər Gününə həsr olunan tədbir keçirilib. Tədbirə şəhid gömrük əməkdaşı Ülvi Hacıyevin valideynləri, Birinci və İkinci Qarabağ müharibəsində iştirak edən gömrük əməkdaşları qatılıb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ərazi bütövlüyümüzün müdafiəsi zamanı canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Qarabağ Müharibəsi iştirakçıları İqbal Səfərov, Famil Məlikov Azərbaycan əsgərinin keçdiyi döyüş yolundan danışıb, müharibə ilə bağlı xatirələrini bölüşüblər.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov 44 günlük Vətən müharibəsindəki tarixi qələbənin Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi düşünülmüş siyasətin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla reallaşdırılması nəticəsində əldə olunduğunu bildirib. Qeyd olunub ki, mükəmməl strategiya və taktikaya əsaslanan döyüş əməliyyatları Silahlı Qüvvələrimizin qüdrətini, peşəkarlığını, həmçinin Azərbaycan əsgərinin əzm və rəşadətini dünyaya nümayiş etdirdi. Diqqətə çatdırılıb ki, üçrəngli bayrağımızı Vətənimizin bütün nöqtələrində dalğalandıran, ərazi bütövlüyümüzün təmin olunmasında misilsiz qəhrəmanlıq göstərən şəhidlərimizin xatirəsi əziz tutulacaq, daim yaşadılacaq.
Tədbirdə Zəfər Günündən, Azərbaycan Ordusunun döyüş yolundan, xalqımızın birliyindən bəhs edən videoçarxlar nümayiş etdirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi