Etilen polimerlərindən hazırlanan torbalar, plastmasdan süfrə və mətbəx qabları barədə
Etilen polimerlərindən hazırlanan torbalar, plastmasdan süfrə və mətbəx qabları barədə
“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli 678-IQ nömrəli Qanununun 46-cı maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı qadağandır.
Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasında (XİF MN) 3923210000 alt yarımmövqeyində qalınlığından asılı olmayaraq bütün polietilen və digər etilen polimerlərindən hazırlanan kisə və torbalar, 3924100000 kodu altında isə birdəfəlik və çoxdəfəlik istifadəsi nəzərdə tutulmuş mətbəx və süfrə qabları sinifləşdirilir.
Qeyd olunan malların idxalı zamanı yuxarıda göstərilən normalara uyğunluğunun ekspertizası keçirilir və tələblərə uyğunluğu təsdiq olunduqdan, eləcə də mövcud qanunvericiliklə nəzərdə tutulmuş sənədlər təqdim edildikdən sonra gömrük rəsmiləşdirilməsi həyata keçirilir.
Belə ki, torbaların polietilen polimerindən hazırlanmasını müəyyən etmək məqsədilə infraqırmızı spektrometriya üsulu ilə tərkibi üzrə sınaqlar aparılır, həmçinin rəqəmsal mikrometr cihazının vasitəsilə məmulatların qalınlığı ölçülür.
İdxal edilən plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların birdəfəlik, yaxud çoxdəfəlik istifadə üçün nəzərdə tutulmasını müəyyən etmək məqsədilə onların nümunələrinin infraqırmızı spektrometriya üsulu ilə polimer və ya sellüloza, nişasta tərkibi yoxlanılır.
Məlumat üçün bildiririk ki, dərc olunan statistik məlumatlara əsasən polietilen torbalar və kisələrin ölkədaxili istehsalı 2021-ci ildə 18.927,1 ton, 2022-ci ildə 17.544,1 ton, 2023-cü ilin ilk 6 ayında 6.957,1 ton, mətbəx və süfrə qablarının istehsalı isə 2021-ci ildə 826,9 ton, 2022-ci ildə 794,7 ton, 2023-cü ilin ilk 6 ayında 359,1 ton təşkil etmişdir.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi