Türkiyə Respublikasının Ticarət Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib
Türkiyə Respublikasının Ticarət Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib
Noyabrın 15-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının ticarət nazirinin müavini Sezai Uçarmakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərindən məmnunluqla bəhs edilib, beynəlxalq müstəvidə, həmçinin ikitərəfli qaydada əməkdaşlığın regional inkişafa, sabitliyə və sülhə mühüm töhfələr verdiyi vurğulanıb.
Eyni zamanda iki qardaş ölkənin gömrük orqanları arasında kadrların potensialının gücləndirilməsi, təcrübə, məlumat mübadiləsi və digər sahələrdəki səmərəli əməkdaşlıqdan söhbət açılıb, qarşılıqlı ticarət dövriyyəsinin artırılması, beynəlxalq tranzitin asan və sürətli şəkildə reallaşdırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə sistemi, gələn ildən etibarən tətbiqinə başlanacaq süni intellekt əsaslı yeni Avtomatlaşdırılmış Risk Analiz Sistemi layihəsi barədə təqdimatlar nümayiş etdirilib.
Sonda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikası Ticarət Nazirliyi arasında keçirilən görüşün protokolu imzalanıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi