Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Zəngilanda beynəlxalq nəqliyyat-logistika dəhlizi mövzusunda konfransın açılışı olub

Zəngilanda beynəlxalq nəqliyyat-logistika dəhlizi mövzusunda konfransın açılışı olub

Noyabrın 16-da Zəngilan şəhərində “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq konfransa start verilib.

Konfrans Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.

Konfransın keçirilməsində məqsəd trans-regional nəqliyyat dəhlizlərinin inkişafı və genişləndirilməsi ilə bağlı dövlət, özəl və akademik sektorlar arasında müzakirələrin təşkili, maraqlı tərəflər arasında əməkdaşlığın qurulmasıdır.

Açılış nitqi ilə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev hazırkı qlobal mənzərədə Orta dəhlizin beynəlxalq ticarət və daşımalarda sabitlik və səmərəliliyin simvolu kimi meydana çıxdığını vurğulayıb. 

Nazir Orta dəhlizin potensialının artırılması məqsədilə qonşu dövlətlərlə birlikdə aparılan işlərin əhəmiyyətini qeyd edib, keçdiyi ölkələrdə sabit siyasi iqlim və xalqlar arasında dostluq əlaqələrinin olması dəhlizlə bağlı məsələlərin həllində birgə səyləri daha da möhkəmləndirdiyini bildirib. Diqqətə çatdırılıb ki, Zəngəzur dəhlizinin bərpası Orta dəhlizin imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun rəşadəti nəticəsində ərazi bütövlüyümüzün bərpa edilməsinin ölkəmizdən keçən nəqliyyat-logistika dəhlizləri üzrə geniş imkanlar yaratdığını vurğulayıb. Həmçinin Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması, gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsallaşdırılması məqsədilə həyata keçirilən layihələr, dəhliz boyu yerləşən ölkələrlə qurulan əməkdaşlıq münasibətləri barədə məlumat verilib. 

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev çıxış edərək tədbirin əhəmiyyətindən, beynəlxalq nəqliyyat dəhlizlərinin ticarətin, tranzitin inkişafındakı rolundan danışıblar.

Konfransda yerli və xarici dövlət qurumlarının, beynəlxalq təşkilatların, beynəlxalq maliyyə institutlarının, beyin mərkəzlərinin əməkdaşları, alimlər və beynəlxalq nəqliyyat şirkətlərinin rəhbərlərinin iştirakı ilə bir neçə mövzuda panel müzakirələr keçirilib.

Tədbir mövzu ilə bağlı panel müzakirələrlə davam edib. 

Konfransda 15 ölkə, 8 beynəlxalq təşkilat və beynəlxalq maliyyə institutundan 200-dən çox nümayəndə iştirak edir.

Daha sonra tədbir iştirakçılarının Zəngilan rayonunun Ağalı kəndinə turu təşkil olunub.

Konfrans öz işini 17 noyabr tarixində Bakıda davam etdirəcək.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

16 Noyabr 2023 18:56
195