Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşları üçün təlim keçirilib

Gömrük əməkdaşları üçün təlim keçirilib

Noyabrın 17-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Heyvan xəstəliklərinin və zərərli orqanizmlərin aşkarlanması, baytarlıq və fitosanitar sertifikatların həqiqiliyinin müəyyən edilməsinə dair” təlim keçirilib.

Potensialın, bilik və bacarıqların artırılması məqsədilə keçirilən təlimdə Komitə aparatında, ərazi və ixtisaslaşmış gömrük orqanlarında fəaliyyət göstərən 40-dan çox gömrük əməkdaşı iştirak edib.

Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nümayəndələri təlimçi qismində dövlət baytarlıq nəzarətində olan yüklər, mövcud beynəlxalq təcrübə və digər mövzularda məruzələrlə çıxış ediblər.

Daha sonra diri heyvanların idxalı zamanı təhlükəli heyvan xəstəliklərinə baytarlıq nəzarətinin əsas aspektləri, heyvan mənşəli məhsulların idxalı dövründə baytarlıq nəzarətinin təşkili, sərhəd-buraxılış məntəqələrində  idxal olunan yüklərə fitosanitar baxışın keçirilməsi, karantin nəzarətində olan materiala vizual baxış zamanı aşkarlanma ehtimalı olan zərərli orqanizmlər, dövlət baytarlıq nəzarətində olan yüklərin idxalına dair baytarlıq sənədlərinin ekspertizası, baytarlıq və fitosanitar sertifikatların həqiqiliyinin yoxlanılması məqsədilə istifadə olunan xarici ölkə portalları və “QR” kodlar barədə məlumatlara dair mövzularda bir sıra təqdimatlar nümayiş etdirilib.

İnteraktiv keçən təlim zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

17 Noyabr 2023 14:44
195